Bakıda başdaşı daş-başı - REPORTAJ

Bakıda başdaşı daş-başı - REPORTAJ
  13 Sentyabr 2014    Oxunub:32488
Sağlığında qiymət verin insanlara...

Son günlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, rayon icra hakimiyyətləri və digər qurumların yas mərasimlərində yaşanan israfçılıq halları, ehsan verilməsi qaydasına nəzarətlə bağlı apardığı təbliğat-təşviqat işi cəmiyyətin əsas müzakirə mövzusudur. Həmçinin bu müzakirənin digər bir tərəfi ölən şəxs üçün çəkilən dəfn xərcləri ilə bağlıdır. Belə ki, dəbdəbəli yas mərasimləri ilə bərabər, qəbristanlıqda ucaldılan bahalı baş daşları da cəmiyyəti və aidiyyatı orqanları düşündürən əsas məsələlərdəndir.

Bir neçə gün öncə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bahalı qəbir daşları ilə bağlı məsələnin qanunla tənzimlənməsinə ehtiyac olduğunu diqqətə çatdırıb.

"Bütün bunlar hamısı qanunla tənzimlənən məsələdir. İstənilən sivil ölkədə qəbristanlıqlarla bağlı məsələlər qanunla tənzimlənir. Məsələn, qəbirlər necə olmalıdır, qəbirlərin düzülüşü, bir qəbir digərindən kəskin fərqlənməməlidir və sair.



Bundan sonra qəbiristanlıq haqqında qanun qəbul olunarsa, onun adı müxtəlif cür ola bilər. Hüquqşünaslar, ictimaiyyət nümayəndələri də öz fikirlərini deyə bilər. Bu qanun qəbul ediləndən sonra biz məsələni nizamlaya bilərik. Lakin heç bir qanunun geriyə tətbiqi olmadığına görə, söhbət növbəti mərhələlərdən gedə bilər. Azərbaycanda qəbir daşları ilə bağlı nizam-intizam yaradılmasına ehtiyac var. Bu təkcə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məsələsi deyil. Bu bütövlükdə ictimaiyyətin, medianın geniş müzakirə mövzusudur. Dini Komitə isə bu qanun layihəsinin hazırlanıb müzakirəyə təqdim edə bilər. Mən əminəm ki, Milli Məclisdə deputatlar buna dəstək verəcəklər. Keçmiş həmkarlarımın böyük əksəriyyəti bizə böyük dəstək verirlər bu məsələlərdə.”.

M.Qurbanlının dediyi kimi, yas mərasimlərinin təşkili ilə yanaşı qəbir daşlarının da nəzarətə alınmasının vacinb olduğunu göstərdi.

Biz də baş daşlarının qiymətini araşdırmaq üçün Bakıda fəaliyyət göstərtən bir neçə sexə baş çəkdik.

“Qurd Qapısı” qəbristanlığının yaxınlığında yerləşən sexlərdə qəbir daşlarının qiymətləri ilə maraqlandıq, görülən işlərlə tanış olduq.



Demək olar ki, sexlərin hər birində qızğın iş gedirdi. Ustalar bu gərginli sifarişlərinin çoxluğu ilə əlaqəndirirlər. Bildirirlər ki, müştəriləri əvvəlki günlərlə müqayisə də xeyli çoxalıb.

İşə başı qarışan işçilər vaxtlarının az olduğundan şikayətlənirdilər. Daha sonra baş daşlarının qiymətləri ilə maraqlandıq.

Bəzi daş sexləri qiymətləri açıqlamaq istəmədilər. Bunun üçün qiymətləri onların tabeçilik göstərdikləri qurumlardan öyrənməyi bildirirlər.

“Qurd Qapısı” qəbirstanlığının yaxınlığında yerləşən belə yerlərdən birində isə insanlardan sifarişləri qəbul edirlər.

Amma baş daşı hazırlayan sex başqa ərazidə fəaliyyət göstərir. Sifarişləri qəbul edən Anar Əliyev bizimlə söhbətində bildirdi ki, qəbir daşlarının qiyməti ölçülərinə görə dəyişir. Həmçinin baş daşının üzərində şəkilin hansı formada olması da qiymətə təsir edir:
“Baxır siz şəkili hansı formada sifariş edirsiz. Qısa formada və yaxud ayaqüstə duran vəziyyətdə. Həmçinin bəzi şəxslər qəbir daşının arxasında olan hissəyə dünyasını dəyişən şəxsin şəkilini də sifariş verirlər. Bu isə əlavə qiymət deməkdir”.



A.Əliyev qəbir daşının ünvana aparılması xidmətinin qiymətlərin içinə daxil olduğunu deyir.
Qiymətlərə gəlincə, sifariş götürən şəxs ən aşağı qiymətin 1500 manat olduğunu dedi. Bir qədər böyük ölçüdə olan qəbir daşının qiymətinin isə bütün xərclər daxil 2500 manata başa gələcəyini qeyd etdi.

Qəbir daşının üzərində şeir yazdırmaq istəyənlərə bu iş pulsuz görülür. Göründüyü kimi bu qiymətlər heç də ucuz deyil.

Hətta bundan da baha qiymətə müştərilərə satılan baş daşları da var. Amma satış nümayəndəsinin dediyi ki, qiymətlər müştərilərin istəyindən və zövqündən aslıdır. Əsasən qara məmər və ağ mərmərdən hazırlanan baş daşları, adi daşlarla müqayisə baha qiymətə satışa çıxarılır.

Pulu bir qədər çox olanlar qəbir daşı əvəzinə dünyasını dəyişən şəxsin heykəlini ucaldırlar. Bunun üçün isə daha çox heykəltəraşa müraciət edirlər. Heykəllərin qiyməti də həcminə görə dəyişir.
Onların qiyməti bəzən 5-10 min manata və daha baha qiymətə gəlib çıxır.



Digər bir qəbir daşı sexində çalışan Məlik Ağayev ən ucuz qəbir daşını 800-900 manata hazırladıqlarını söylədi:

“Qara mərmərdən hazırlanan sadə bir qəbir daşını zəhmət haqqı da daxil olmaqla 800-900 manata düzəldirik”.

Bəzi insanlar isə sağlığında özünə qəbir daşı düzəltdirir.

M.Ağayev deyir ki, bəzən özünə qəbir daşı sifariş verənlər də bizə müraciət edir: “Bəzi insanlar qiymətlərə görə sağlığında özünə qəbir daşı sifariş verir. Səbəb kimi övladlarının gələcəkdə əziyyət çəkməməsini göstərirlər. İnsanlarımız nədənsə həyatlarına bədbin yanaşırlar. Hətta baş daşlarını aparıb aldıqları qəbir yerində quraşdıranlar da olub. Daşın üzərinə adını, soyadını, şəklini, doğum tarixini qeyd elətdirib yalnız öləcəyi tarixin yerini boş saxlayırlar”.



Sonda isə qeyd edək ki, öləndən sonra insan üçün çəkilən xərcin heç bir əhəmiyyəti yoxdu. Məşhur şeirdə deyildiyi kimi “Sağlığında qiymət verin insanlara”.

Anar Kəlbiyev
Fotolar: Nuron Məmmədov

Qalereya




Teqlər:  





Xəbər lenti