Toy-yas tamaşası

Toy-yas tamaşası
  11 Sentyabr 2014    Oxunub:4048
Ziba Xəlil

Əslində bu yazını hələ iki il bundan öncə yazmalıydım. Sevimli jurnalistimiz Vüsalə Məmmədova mənim bir postumu bəyənib, bu barədə yaz demişdi. Post beləydi ki, "Azərbaycanda hər nə varsa - iqtisadiyyat, incəsənət, mədəniyyət,- yalnız iki şeyə xidmət edir. Toya və yasa..."


Nəsə yazmadım, qaldı, indi bu mövzu aktuallaşınca cin başıma vurdu.
Bizdə hər şey göstəridi, a millət! Tamaşa...
Toy da, yas da. Yaşam tərzimiz tamaşadan ibarətdi.

Kasıb olub varlı görünmək, faizə pul götürüb ölünü "şərafətlə" uğurlamaq. (Hansı ki, onun ölüyə heç bir aidliyi yoxdu. Sağlığında üzünə baxmayan, xəstəliyində gedib dəyməyən əzizinə, doğmasına, öləndən sonra özünü millətə göstərmək ucun təmtəraqlı yas məclisi qurmaq...)

Toylar yasdan min qat bərbad, izafi, göstəri. Menyuda 50 cür yemək...

İnsan nəfsi, sən nə olarmışsan?! Mədə neçə cür, necə ton yemək tutar?!

Oğlan evi: Kreditə qır-qızıl, pal-paltar, (ev labüddür, buna sözüm yox) dəm-dəsgah, yeni yaranan əcaib mərasimlər, atributlar, hamısı rus demiş "beşennıe denqi". ..
Qız evi: kreditə cer-cehiz (o da lazımdı hardasa, gərəkdiyi qədər), amma onu da o qədər israflaşdırıblar ki, ağıla sığmaz dərəcədə. Peyk antenası - mütləqdi, paltaryuyan, qabyuyan, "qızımız kimdən əskikdi?"

Hamısı da borc-xərc, 50 bankdan faizlə...

Sonuc: 6 ay keçməmiş boşanma ərizələri məhkəmədə. Evdəkilər hələ kredit ödəyirlər...

Nədi-nədi ki, tamaşayıq başdan-ayağa.

Bəli, Azərbaycanda hər nə varsa, iqtisadiyyat, incəsənət, mədəniyyət yalnız iki şeyə xidmət edir. Toya və yasa... Buna hamımız hər gün rastlayırıq.

İncəsənət-xanəndələr, şou-bazar manısları cəng cırır toy tutmaq üçün.
İqtisadiyyat - yolunuzu ticarət mərkəzlərindən, "tolkuçkalardan" salsanız, müşahidə, monitorinq etsəniz, özünüz ticarətin hər növünün toya, yasa xidmət etdiyini bir daha görəcəksiniz.

Hər mərasimi, toyu, yası, ad günlərini, sünnəti belə sadə, öz doğmalarınla, səmimi atmosferdə keçirmək necə gözəl olar. Yoox, nə danışırsan, filankəsin toyuna 500 adam gəldi, bizim nəyimiz əskikdi ki, 300 gəlsin?!”

Filankəs yasda süfrəyə ananas-manqo qoydu, mən tək bananmı qoyum?! Yox olmaz, el içində biabır olarıq..." Bu kimi fikrilər bizim şüurumuza işləyib, şüuraltında dərin kök salıb. Hər şeyi kiməsə görə etmək, özümüzə, cibimizə, büdcəmizə görə yox.
Budur bizim düşüncə tərzimiz, budur bizim mənəviyyatımız. Ali dəyərlər yox, incə zövq yox, elm-bilik heç yox.

Elitlər belə teatra, simfonik, kamera konsertlərinə göstəri üçün gedirlər.
Yazıqlar bizə...

Ən faciəsi də budur ki, getdikcə bu adətlər qəlizləşib pisləşir ki, sadələşib düzəlmir.
Bu günün axundovları, mirzəcəlilləri, sabirləri, haqverdiyevləri yazın, deyin, üsyan edin, yazıq olmayàq...


Teqlər:  





Xəbər lenti