Ən əxlaqlı əxlaqsız

Ən əxlaqlı əxlaqsız
  26 Avqust 2014    Oxunub:14008
Emin Piri

2008-c il idi. Fevralın şaxtasından daha sərt keçirdi iyulun istisi. Zabit kursunda səhraların birində təlimdə idik... Hər şeysiz yaşamaq olar. Amma həyatda ən çox nifrət etdiyin qadın olsa, yenə də qadınsız yaşamaq bir kişi bədəninə ən böyük təhqirdir.
Belim Saxara səhrasının xurma ağaclarına dönmüşdü. Bir neçə ay sonra, qışda zabit rütbəsi alıb N saylı hərbi hissələrdən birinə tağım komandiri təyin olundum. Çiynimdə ulduz vardı, amma belimdə əsən ehtiras ulduzları bir neçə gün ərzində kirayə ev tutmağa məcbur etdi. İlk maaşı alan kimi...

Telefonla razılaşdıq. Bütün bu ayların qəzəbini bir neçə onluğa almaq olarmış.

Bir-iki kəlmə söz kəsdik. Savadlı xanıma bənzəyirdi. Mopassandan söhbətləşdik. Hərbiçi olduğuma inanmadı... Ona görə, onlar söhbəti sevməzlər, araq, qadın və bir də həyəcan siqnalı daha önəmliymiş söylədi. Hərbiçilərlə daha çox sevişmişdi...

Anidən telefonuna zəng gəldi səhər əriylə görüşəcəkdi, haqqında həbs-qətimkan tədbiri seçilmişdi ərinin. Beləcə, əvvələr çoxlarının həyat yoldaşı kimi arzuladığı, sonradan 20 manatlıq arzunun həyata keçdiyi xanımın həyat yolu qarşımda açıldı...

Toyların birində içib özünü idarə edə bilməyənlərdən biri ona sataşıb. Əri içkili olduğundan elə masanın üstündən bıçağı çəkərək həmin oğlanın qarnını dəlib.

Aylar keçib qohumlar da üz döndərib. “Nə vaxta kimi qazandığımızı sizə verəcəyik” deyə...

Bir yandan da bıçaqlanan oğlanın müalicəsinə kömək etmək hamısı bu qadının üzərinə düşüb. Pulsuz-parasız qalan bir oğul anasına içəridəki ərindən də bir mesaj gəlib: “qohumlardan pul toplayın işim yüngülləşsin...”

Qohumların imtinasını bildirməyən qadın həm oğlunu dolandırmaq, həm bıçaqlanan oğlanı müalicə etdirmək, həm də ərinin həbs işini yüngülləşdirmək üçün onu Leyli kimi görən məcnunların telefonunda ərəbistan səhrasının əzabına yox, 20 manata, bəzən nisyə bir gerçəkliyə çevrilib...

Hələ bir kərə ərinin onu qoruduğu oğlanların birindən uşağa qaldı, elə onun verdiyi pulu da aborta vermişdi...

O bıçaqlanan oğlanı razı salıb şikayəti geri götürtməkçün yəqin onun da nazıyla oynamışdı...

- Ərimin başına daş düşsün, guya namus üstündə içəriyə düşdü, amma məni məndə gözü olanların içinə pulsuz-parasız atdı. Bir yumruq vura bilməzdi? Təpiyinin altına sala bilməzdi? Hökmən bıçaqlamalıydı? İndi hansı işə getsəm eyni təkliflə üzləşirəm. Rayon yeridir, hamı tanıyır. -20 dərəcə şaxtada oğlumun çölə çıxmağa `kurtka`sı belə yoxdur.

Qadın dəliyə çevrilmişdi. Qonşu otaqda yatan 5-6 yaşlı oğlunu yataqdan qaldırıb qolundan dartaraq bizim otağa gətirdi. Qurumuşdum, belim çoxdan ərimişdi... İlk dəfə kişi doğulduğuma utanırdım...

Heç zaman bir qadın qarşısında sözlə belə əyilməyən mənim ayaqlarım büküldü... “Bəlkə ən böyük günahkar mənəm” dedim özüm-özümə...

Cibimdəki maaşı stolun üstünə qoydum. Atası göndəribmiş, ona “kurtka” pulu kimi - söylədim oğluna... (Öz qaldığım evin kirayə pulunu belə düşünmədim. Elə buna görə bir neçə gün sonra ev sahibi evdən çıxardı məni...)

Dərhal evi tərk etdim. Sonradan bəzi dostlar qınadı, “bəs niyə heç nə etmədin” deyə... “Bəlkə qadın düşünəcək ki, sənin nəsə problemin var?”

Kimsə bilmədi ki, problem nədir ki, içimdə elə ağrı vardı ki, bütün cəmiyyətin pərdə arxasındakı gerçəkliyi sanki çiyinlərimdə idi. O vaxtdan silahın ağırlığından yox, gördüyüm həqiqətlərin ağırlığından sağ çiynim aşağı çəkilir...

Aylarla özümə gələ bilmirdim. Arada telefonla zəngləşib xəbər tuturdum. 1 il sonra zəng etmişdi. Əri yaxın aylarda çıxacaqdı, pulunu tam toplamışdı... Sevincindən körpə uşaq kimi uçurdu. Səsi telefondan get-gedə yaxınlaşırdı. Sanki danışa-danışa qanad çalıb Bakıya doğru uçurdu...

Üstündən illər ötüb. Bu günlərdə keçmiş hərbiçi dostumla rastlaşdım. O qadının əri yenidən namus ütsündə içəri düşüb... Bir nəfər bazarda onun arvadına “qəşəng gözləri var” deyibmiş, bu da bıçaq çəkib...

Amma o, mənim indiyə kimi tanıdığım ən əxlaqlı əxlaqsız idi...


Teqlər:  





Xəbər lenti