Ailə planlaşdırılması və reproduktiv sağlamlıq I Yeni qanun cəmiyyətə nə vəd verir?

  Ailə planlaşdırılması və reproduktiv sağlamlıq I  Yeni qanun cəmiyyətə nə vəd verir?
  23 May 2025    Oxunub:1573
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında bir çox məsələlərlə yanaşı diqqəti çəkən məqam “Ailə planlaşdırılması və reproduktiv sağlamlıq haqqında” yeni qanundur.
Komitə artıq bir neçə ildir israrla bu qanunun qəbul edilməsinin tərəfdarıdır. Bəs bu qanun Azərbaycan cəmiyyətinə nələr vəd edir və insanların həyatında hansı dəyişikliklərlə səbəb olacaq?

Ailə planlaması

Bütün dünyada sağlamlıq, sağlam həyat tərzi və məsuliyyətli valideynlik məsələsinə daha çox diqqət yetirilir. Ailə planlaması həyatımıza aktiv şəkildə daxil olan bir anlayışdır. Bu nədir və niyə hər birimiz, hər bir ailə üçün planlama bu qədər vacibdir?

Ailə planlaşdırılması qadınların və uşaqların sağlamlığının yaxşılaşdırılmasının ən təsirli yollarından biridir və hazırda bütün dünyada bununla bağlı mövcud olan tövsiyələr bir çox insanın həyatını xilas etməyə və sağlamlığının müsbət məcrada inkişafına kömək edir. Ailə planlaşdırılması qadınların və uşaqların sağlamlığının qorunmasını və xəstələnmənin azaldılmasını təmin edən tibbi və sosial tədbirlər kompleksidir. Ümumdünya Səhiyyə Təşkilatının tərifinə görə ailə planlaşdırılması aşağıdakı problemləri həll etməyə kömək edir:

• arzuolunmaz hamiləliyin qarşısını almaq;
• yalnız istənilən uşaq dünyaya gətirmək;
• hamiləliklər arasındakı fasilələri tənzimləmək;
• valideynlərin yaşından asılı olaraq uşağın doğum vaxtının seçilməsinə nəzarət etmək;
• ailədəki uşaqların sayını müəyyən etmək.

Təcrübədə bu vəzifələr səhiyyə maarifləndirilməsi, ailə və nikah məsələləri üzrə maarifləndirmə, tibbi-genetik məsləhətlər, kontraseptivlərin verilməsi yolu ilə həll olunur. Uşaqların doğulmasında təkcə ailə deyil, bütövlükdə dövlət və cəmiyyət də maraqlıdır. Çünki, hər ailədə 2-3 uşaq olmalıdır. Əskinə, ailələrin böyük əksəriyyətinin yalnız bir uşağı olduqda, əhali “qocalır”. Yəni onun strukturunda yaşlı və qocaların nisbəti artır.

Bu o deməkdir ki, gənc və ixtisaslı mütəxəssislərin əqli potensialından istifadə etmək imkanları azalır. Təbii ki, bundan dövlətin iqtisadiyyatı və hər bir insanın şəxsi rifahı əziyyət çəkir. Ona görə də dövlətin əsas vəzifəsi arzu olunan və sağlam uşaqların doğulması üçün əlverişli sosial-iqtisadi şərait yaratmaqdır.

Reproduktiv sağlamlıq

Reproduktiv sağlamlığın əsasları uşaqlıq və yeniyetməlik dövründə qoyulur və əsasən insanın həyat tərzi, eləcə də cinsi həyata məsuliyyətli münasibəti ilə müəyyən edilir. Öz növbəsində bütün bunlar ailə münasibətlərinin sabitliyinə və insanın ümumi rifahına təsir göstərir.

Yeniyetməlik hər bir insanın həyatında vacib, məsuliyyətli və çətin bir mərhələdir. Bu dövrdə insanın özü və ətrafdakı reallıq haqqında təsəvvürləri dəyişir. Əhval-ruhiyyə emosional olaraq qeyri-sabit olur. Uşaqlıq dünyasından yetkinliyə keçən bir yeniyetmə hələ heç birinə tam aid deyil, ona görə də onun davranışı çox vaxt gözlənilməz və qeyri-adekvat olur. Yeniyetməlik çox vacib bir dövrdür, çünki çox vaxt insanın gələcək həyatını müəyyən edir. Müstəqilliyi təsdiqləmək, şəxsiyyəti inkişaf etdirmək və gələcək üçün planlar hazırlamaq yeniyetmənin yetkinlik yaşına çatmazdan əvvəl həll etməli olduğu vəzifələrdir.

Bir fikir var: övladın sağlam dünyaya gəlməsi tamamilə anadan asılıdır. Əslində bu doğru deyil. Sübut edilib ki, 100 uşaqsız cütlüyün 40-60%-i cinsi yolla ötürülən infeksiyalar, zərərli ekoloji amillərin, iş şəraitinin və pis vərdişlərin kişinin reproduktiv sağlamlığına təsiri ilə bağlı olan kişi sonsuzluğu səbəbindən uşaq sahibi olmur.

Sadalanan faktlar təkcə gələcək qadının deyil, həm də kişinin reproduktiv sağlamlığına diqqət yetirməyin vacibliyini inandırıcı şəkildə sübut edir. Reproduktiv funksiyanın vəziyyətinə təsir edən amillərdən biri də arzuolunmaz hamiləliyin qarşısının alınmasıdır.

Çox vaxt qadın çətin seçimlə üzləşir: uşaq dünyaya gətirmək və ya abort etmək ?

Yeniyetmə qızda arzuolunmaz hamiləlik baş verdikdə bu məsələni həll etmək xüsusilə çətindir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında qeyd edilib ki, ötən il 18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayı 1279 nəfər olub. 2023-cü illə müqayisədə 18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayı 463 nəfər azalaraq 1742-dən 1279-a düşüb. Say azalsa da, ilk hamiləlik dövründə abort ciddi psixoloji travmaya səbəb ola bilər və hətta reproduktiv problemlərə səbəb ola bilər.

Ancaq böyüklər üçün arzuolunmaz hamiləlik problemi daha az əhəmiyyət kəsb etmir. Buna görə də ailə planlaşdırılması xidmətləri arzuolunmaz hamiləliyin və abortun qarşısının alınmasına, habelə tibbi və sosial məsləhət məsələlərinə böyük diqqət ayırır ki, qadınlar müvəqqəti emosional təcrübələrin və ya həyat uğursuzluqlarının təsiri altında abort barədə qərarlar qəbul etməsinlər.

Odur ki, mama-ginekoloqun qəbulunda kontraseptiv metodun vaxtında və fərdi seçilməsi arzuolunmaz hamiləliyin qarşısını alır və reproduktiv sağlamlığı qoruyur. Müasir kontraseptiv vasitələrdən istifadə etməklə ailə planlaşdırılması ailə sağlamlığını təmin etmək üçün zəruri olan ilkin səhiyyə xidmətinin vacib elementi hesab olunur.

Eyni zamanda, reproduktiv sağlamlıq sahəsində əlverişsiz tendensiyaların davam etməsi göstərir ki, qızlarda cinsi inkişafın pozulmasının və ginekoloji xəstəliklərin qarşısının alınması və müalicəsində ən böyük effektivliyi təmin edən müasir yüksək texnologiyaların işlənib hazırlanması və tətbiqi strateji əhəmiyyət kəsb edir.

Yazı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin elan etdiyi müsabiqəyə təqdim olunur

İlkin Nəcəfzadə

AzVision.az



Teqlər:



Xəbər lenti