Azərkosmos və Türksat arasında Anlaşma Memorandumu imzalanıb

   Azərkosmos və Türksat arasında Anlaşma Memorandumu imzalanıb
  24 Aprel 2025    Oxunub:419
Azərkosmos və Türkiyənin aparıcı peyk telekommunikasiya şirkəti Türksat arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd hər iki tərəf arasında peyk telekommunikasiya sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə və bilik, bacarıq və təcrübə mübadiləsinə xidmət edir.
AzVision.az xəbər verir ki, İmzalanma mərasimi Azərkosmosun ev sahibliyi etdiyi Kosmik Texnologiyalar Konfransı (STC) çərçivəsində baş tutub. STC çərçivəsində Azərkosmos 10-a yaxın Anlaşma Memorandumu imzalayacaq.

Memorandum çərçivəsində tərəflər informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində strateji, iqtisadi, sənaye, elmi, texniki və texnoloji əməkdaşlığı genişləndirmək niyyətindədilər.

Eyni zamanda, imzalanmış sənəd əsasında peyk xidmətləri ilə bağlı regional və beynəlxalq qanunların tənzimlənməsi, radiotezliklərin düzgün idarə olunması, coğrafi informasiya sistemləri xidmətləri, kosmik texnologiyalar, kosmik layihələrin idarə edilməsi və digər mövzular üzrə ikitərəfli məsləhətləşmələrin aparılması nəzərdə tutulub.



Azərkosmos və Macarıstanın qabaqcıl texnologiya şirkətlərindən biri olan “4iG Space and Defence Technologies” (4iG S&D) arasında Anlaşma Memorandumu imzalanıb.

İmzalanma mərasimi Azərkosmosun ev sahibliyi etdiyi Kosmik Texnologiyalar Konfransı çərçivəsində baş tutub.  

Tərəflər arasında əməkdaşlığın əsas istiqamətləri aşağıdakılardır:

* Kiçik peyklərin istehsalı, yığılması, inteqrasiyası və test edilməsi (MAIT) sahəsində strateji əməkdaşlığın yaradılması;

* Yerin müşahidəsi məlumatları üzrə birgə layihələrin həyata keçirilməsi və tərəflərin təcrübə və resurslarının birləşdirilməsi;

* 4iG S&D portfelindəki şirkətlərin Azərkosmosun peyk əməliyyatları, peyk rabitəsi və digər istiqamətlər üzrə təcrübəsindən faydalanması;

* Azərbaycanın Avropa və Macarıstan kosmos proqramlarında iştirak imkanlarının araşdırılması, o cümlədən Avropa Kosmik Agentliyinin Biznes Inkubasiya Mərkəzi ilə potensial əməkdaşlıq;

* Kosmos sahəsində texnoloji inkişaf, innovasiya və bilik mübadiləsini təşviq edən təşəbbüslərin dəstəklənməsi;

* Azərkosmosun KOSMİK Akademiyası vasitəsilə kosmos təhsili və peşəkarların yetişdirilməsi üzrə birgə layihələrin hazırlanması;

* Daxili və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edərək innovasiyanın təşviqi və hər iki ölkənin kosmos iqtisadiyyatında iştirakının gücləndirilməsi. 

Azərkosmosun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Dunay Bədirxanov bu strateji tərəfdaşlığın əhəmiyyətini vurğulayaraq bildirib: “Macarıstanın qabaqcıl texnologiya şirkəti 4iG ilə imzalanan bu Anlaşma Memorandumu Azərbaycan və Macarıstan arasında kosmik sahədə formalaşan strateji əməkdaşlığın başlanğıc nöqtəsidir. İnanırıq ki, bu əməkdaşlıq yalnız texnoloji inkişafı deyil, eyni zamanda ölkələrimiz arasında elmi və innovativ bilik mübadiləsini gücləndirəcək".

4iG şirkətinin baş direktoru Dr. İstvan Sarhegi əməkdaşlığı belə dəyərləndirib: “Azərkosmos ilə Anlaşma Memorandumunun imzalanması, 4iG-nin qlobal miqyasda strateji tərəfdaşlıqları genişləndirmək məqsədi ilə atılmış mühüm addımdır. Biz peyk istehsalı, Yer müşahidəsi və innovasiyaya əsaslanan sahələrdə imkanlarımızı birləşdirərək, uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlıq üçün güclü təməl formalaşdırırıq. Bu tərəfdaşlıq, texnoloji inkişafa təkan verən, istedadların inkişafını dəstəkləyən və Mərkəzi Asiya ilə yanaşı daha geniş coğrafiyada kosmik iqtisadiyyatda birgə iştirakımızı gücləndirən uğurlu nümunədir.”

AzVision.az




Teqlər:





Xəbər lenti