DTX-nin həbs etdiyi haker: Məqsədim nüfuz qazanmaq olub

      DTX-nin həbs etdiyi haker:    Məqsədim nüfuz qazanmaq olub
  18 Aprel 2025    Oxunub:699
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində həbs olunan 1993-cü il təvəllüdlü Tural Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə Tural Əliyev vəkilinin suallarını cavablandıran zaman qeyd edib ki, "Ultra Technologies" şirkətinin gizli məlumatlarına giriş edib: “Daxil olan zaman gördüm ki, Azərbaycan şirkətidir. Şirkətin bazasına girməkdə məqsədim yoxlamaq olub, maddi gəlir güdmək məqsədim olmayıb. Azərbaycanda serverlərə müdaxilənin qarşısının alınması üçün milli proqram yaratmaq istəmişəm. Bunun üçün də xaricdən olan şirkətlərin gizli məlumat bazalarına daxil olmaqla test etmişəm. Məqsədim özümü həmin şirkətlərə sübut etmək, nüfuz qazanmaq olub".

Daha sonra hakim təqsirləndirilən şəxsin ifadəsindən bir hissəni elan edib. Həmin ifadədən məlum olub ki, onun şəxsi kompüterində zərərli proqramlar, gizli yazışmalar, kibermüdaxilələr, kriptopullar aşkar edilib.

Təqsirləndirilən şəxs qeyd edib ki, "Karnaval" ləqəbli şəxslə əlaqəsi olub, ona bir şirkətin giriş məlumatlarını 500 dollara satıb.

Bundan başqa, təqsirləndirilən şəxs Argentinaya məxsus dəniz şirkətinin serverində olan gizli məlumatları əldə edib və 350 dollara satıb.

Daha sonra səsləndirilən ifadələrdən məlum olur ki, təqsirləndirilən şəxs İsrail dövlətinə məxsus şirkətin 25 meqabayt, ABŞ-yə məxsus şirkətin isə 1 meqabayt məlumatlarını əldə edib.

Sualları cavablandıran təqsirləndirilən şəxs isə özünü qismən təqsirli bilib. Bildirib ki, gördüyü işlərdə qanunsuz hərəkətlər etməyib: “Mən hakerəm. Xarici ölkə hakerlərində zərərli vasitələrin sistemə daxil olmasının qarşısının alınması üçün proqramlar olub. Amma bizdə belə proqram olmayıb. Mən də bu proqramın millisini yaratmaq istəmişəm. Məqsədim də xeyirli iş görmək olub".

T.Əliyev bildirib ki, "İdrak" şirkətinin rəhbəri Hikmət Abdullayev ona 80 min manat verib və deyib ki, bu işləri həyata keçirsin: "Mənim məqsədim həmin proqramları hazırlamaq və dövlətə təqdim etmək olub. Başqa niyyətim olmayıb. İşi göstərib, iş qazanmaq istəmişəm".

Proses mayın 1-də davam edəcək.

İttihama görə, “Zeromap” MMC-nin icraçı direktoru olan Tural Əliyev 2021-2024-cü illərdə mobil telefonlara və digər texniki avadanlıqlara kənardan nüfuz edə bilən proqramları əldə edərək tətbiq etməkdə, habelə nəhəng yerli və xarici şirkətlərə kiberhücumlar təşkil etməkdə ittiham olunur.

Belə ki, o, 2021-ci illərdə kompüter texniki avadanlıqlarından istifadə edərək yerli və xarici fiziki, hüquqi şəxslərin mobil telefonlarına müdaxilə edib.

Bundan başqa, o, xarici şirkətlərə məxsus hamıya açıq olmayan məlumatlara giriş əldə edib.

T.Əliyev Cinayət Məcəlləsinin 271.2.1-ci (kompüter sisteminə qanunsuz daxil olma – təkrar törədildikdə), 272.2.1 (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) və 273-1.1-ci (kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi) maddələri ilə ittiham olunaraq həbs edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti