Brüsselin planlarını kimlər puça çıxarır?

   Brüsselin planlarını kimlər puça çıxarır?
  26 Mart 2025    Oxunub:1245
İtaliya, İspaniya və Fransanın hakimiyyət orqanları Aİ-nin müdafiə xərclərini artırmaq strategiyası ilə bağlı razılığa gəlməyə hazır deyillər.
AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “Politico” nəşrinin yazdığına görə, bu ölkələrin mövqeyi Brüsselin Ukraynaya Avropa silahlarının tədarükünü artırmaq planını pozmaq təhlükəsi yaradır.

“Martın əvvəlində Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Avropa İttifaqını (Aİ) 800 milyard avro dəyərində yenidən silahlandırmaq planını təklif etdi. O, Ukrayna da daxil olmaqla hava hücumundan müdafiə sistemləri, pilotsuz təyyarələr və digər silahların alınması üçün kredit şəklində 150 milyard avro cəlb etməyi nəzərdə tutur. Bununla belə, İtaliya, İspaniya və Fransa “onsuz da ağır olan borc yükünün artmasından qorxaraq” AK rəhbərinin strategiyasını dəstəkləməkdən imtina edirlər”, - qəzet vurğulayır.

Bunun əvəzində, cənubi Avropa ölkələri blokun 27 ölkəsi tərəfindən yekdilliklə təsdiq edilməli olan Aİ-nin kapital bazarlarında ümumi borclanma hesabına maliyyələşdirilən müdafiə istiqrazları adlanan istiqrazlar buraxmağa çalışır. Lakin Aİ-nin Almaniya və Hollandiya kimi şimal üzvləri ümumi istiqrazların buraxılmasının qarşılıqlı borcların ödənilməsi üçün presedent yarada biləcəyindən ehtiyatlanırlar.

“Politico” nəşrinin bəzi həmsöhbətləri İspaniya və İtaliyanın fon der Lyayenin iyun ayında keçiriləcək Aİ liderlərinin növbəti sammitindən əvvəl müdafiə xərcləri məsələsində mövqeyini yumşaldacağı ümidi ilə vaxt uzatdıqlarını düşünürlər.

Qəzet xatırladır ki, Avropa ölkələri Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallasın Ukraynaya 40 milyard avroluq yardım göstərməyi nəzərdə tutan planı ilə bağlı hələlik razılığa gəlməyiblər.

Eyni zamanda, İtaliya, Slovakiya və Fransa onun Kiyevə 5 milyard avro məbləğində hərbi yardım göstərmək təklifini də rədd ediblər. Ölkələr yardımın ikitərəfli və könüllü əsasda həyata keçirilməsində israrlıdırlar.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Brüssel   Ukrayna   maneələr  





Xəbər lenti