Ərdoğan müxalifətin cinayətlərini açıqlayıb

 Ərdoğan müxalifətin cinayətlərini açıqlayıb
  26 Mart 2025    Oxunub:1222
Demokratiyaya qarşı bütün hücumların və iqtisadiyyata təxribat cəhdlərinin təşkilatçılarının qarşısı məhkəmədə alınacaq.
AzVision.az bildirir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə hakim Ədalət və İnkişaf Partiyasının fraksiyasının iclasında çıxışı zamanı belə xəbərdarlıq səsləndirib.

“Bundan sonra bütün növ iqtisadi təxribatların qarşısı məhkəmə yolu ilə alınacaq. Millət qardaşlığını pusquya salanlar ədalət qarşısında cavab verəcəklər. Bu, kor-koranə düşmənçilik və ya revanşizm deyil, milli iradənin və dövlət olmaq zərurətinin refleksidir”, - Ərdoğan İstanbulun müxalifətçi bələdiyyə sədri Əkrəm İmamoğlunun həbsindən sonra Türkiyədə baş verən son hadisələri şərh edərkən deyib.

Çıxışı zamanı ölkə müxalifətinə müraciət edən Türkiyə prezidenti onları “küçə terrorunu” dayandırmağa çağırıb.

- Sizin korrupsiya çarxınız üzə çıxdı. Sağa-sola böhtan atmağı dayandırın, küçə terrorunu dayandırın. Bizi və millətimizi baş vurduğunuz çuxura sürükləməyə çalışmayın”, - Rəcəb Tayyib Ərdoğan bildirib.

Ərdoğan İstanbul bələdiyyəsi ilə bağlı aparılan istintaqa toxunaraq deyib ki, İstanbul sakinlərinin məxfi məlumatlarının xaricilərə satılmasından tutmuş yüz milyonlarla lirənin oğurlanmasına qədər hər cür korrupsiya var.

“İstanbulda CHP-nin bələdiyyələrində korrupsiya ilə bağlı serial çəksəydiniz, Braziliya seriallarından daha çox macəralarla qarşılaşardınız. CHP rəhbərliyi isə ittihamlara aydınlıq gətirmək əvəzinə ucuz siyasətə əl atdı”, - Türkiyə lideri vurğulayıb.

Onun sözlərinə görə, universitetə qəbul imtahanlarında iştirak edən yüz minlərlə gəncə qanunsuz diplom verilməsi ilə başlayan və daha sonra bütün şəhərə yayılan rüşvət qalmaqallarının miqyası son əməliyyatlarda aydınlaşıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ərdoğan   müxalifət   ittiham  





Xəbər lenti