Birləşmək ucuz deyil

// Almaniyanın Konstitusiya Məhkəməsi həmrəylik vergisini ləğv etmədi

Birləşmək ucuz deyil
  26 Mart 2025    Oxunub:1310
Almaniya Konstitusiya Məhkəməsi Azad Demokrat Partiyanın (FDP) altı siyasətçisinin həmrəylik vergisinin ləğv olunması ilə bağlı qaldırdığı iddianı təsdiqləməyib.
AzVision.az “Spiegel” nəşrinə istinadla xəbər verir ki, məhkəmə 2021-ci ildən etibarən yalnız yüksək gəlirli şəxslərə şamil olunan verginin konstitusiyaya uyğun olduğunu təsdiqləyib. Məhkəmə izah edib ki, Almaniyanın birləşməsi nəticəsində yaranan əlavə maliyyə ehtiyacı hələ də mövcuddur. Bununla belə, məhkəmə bildirib ki, belə bir əlavə vergi məhdud müddət ərzində tətbiq olunmalıdır.

Qanunverici orqan verginin davamlı tətbiqinin zəruriliyini mütəmadi olaraq nəzərdən keçirməlidir. Əgər əvvəlki maliyyə ehtiyacı aradan qalxarsa, bu verginin konstitusiyaya zidd olması mümkündür.

Həmrəylik vergisi Almaniyanın yenidən birləşməsindən sonra ölkənin şərq bölgələrinin iqtisadi inkişafına dəstək olmaq məqsədilə 1995-ci ildən tətbiq edilir və gəlir vergisinin 5,5 faizi həcmindədir. Hökumət bu vergidən əldə olunan gəliri əsasən infrastruktur layihələri və iqtisadi bərabərliyi təmin etmək üçün istifadə edir. 2021-ci ildən etibarən bu vergini ödəyənlər əsasən yüksək gəlir qrupuna daxil olan şəxslərdir. Almaniya İqtisadi Araşdırmalar İnstitutunun məlumatına görə, hazırda bu vergini təxminən 6 milyon insan və 600 min korporasiya ödəyir.

FDP deputatları verginin 2019-cu ildən etibarən hüquqi əsasını itirdiyini iddia edirdilər. Onların fikrincə, verginin yalnız yüksək gəlirli vətəndaşlara tətbiq olunması ədalətsizdir. Konstitusiya Məhkəməsi bu arqumentləri əsassız hesab edərək, verginin qüvvədə qalmasının zəruriliyi barədə qərar çıxarıb. Daha əvvəl Maliyyə məhkəməsi də həmrəylik vergisini qanuni hesab etmişdi.

Almaniya Maliyyə Nazirliyi bu vergidən əldə olunan gəlirlərin son illərdə illik 12,6 milyard avro təşkil etdiyini açıqlayıb. Hökumət bu vəsaitin federal xərcləri qarşılamaq üçün vacib olduğunu bildirir.


Teqlər: Almaniya   Konstitusiya   məhkəmə  





Xəbər lenti