Ukraynada prezident seçkiləri keçiriləcək

  Ukraynada prezident seçkiləri keçiriləcək
  23 Mart 2025    Oxunub:1443
Stiv Uitkof: "Ukraynanın NATO-ya qəbul edilməsi bir seçim deyil".
ABŞ Prezidenti Donald Trumpın xüsusi nümayəndəsi Stiv Uitkof (Steve Witkoff) cümə axşamı günü "Fox News"un keçmiş aparıcısı Taker Karlsona (Tucker Carlson) müsahibəsində Kiyevin prezident seçkiləri keçirmək barədə "razılığa gəldiyini" bildirib, lakin bu iddianı dəstəkləyən heç bir konkret sübut təqdim etməyib.

AzVision.az bu barədə "Politico"ya istinadən xəbər verir.

Qeyd edək ki, Trump administrasiyası, Ukraynada müharibə şəraiti olmasına baxmayaraq, seçki keçirilməsi üçün təzyiqləri artırır, halbuki bu, ölkənin konstitusiyası ilə qadağan olunub. ABŞ Prezidenti, ukraynalı həmkarı Volodimir Zelenskini "seçkisi olmayan diktator" adlandıraraq, Ukrayna rəhbərliyinin legitimliyini şübhə altına alıb.

Tənqidçilər bildirirlər ki, müharibə şəraitində keçiriləcək seçkilər Ukraynanı Rusiya qarşısında daha da zəiflədəcək, eyni zamanda özünümüdafiədə təşkilatlanma problemlərinə yol açacaq.

Uitkof müsahibəsində Ukraynanın NATO-ya üzvlük məsələsini də şərh edib. O bildirib ki, Rusiya bu məsələyə ciddi şəkildə qarşıdır və "əgər sülh müqaviləsi imzalanarsa, Ukrayna NATO üzvü ola bilməz.

"Məncə, bu artıq əsasən qəbul edilib. Belə bir seçim yoxdur", – Uitkof deyib.

Bununla yanaşı, Uitkof qeyd edib ki, "Ukrayna NATO-ya üzv olmasa belə, alyans ölkələrinə təklif edilən təhlükəsizlik zəmanətləri kimi oxşar müdafiə təminatları əldə edə biləcək". NATO-nun 5-ci Maddə üzrə kollektiv müdafiə prinsipinə əsasən, üzv dövlətlər hücum olarsa, bir-birinə yardım etməyə məcburdurlar.

"Bu, müzakirə üçün açıqdır", – deyə Uitkof sözlərinə əlavə edib.

Səbinə Həsənova

AzVision.az


Teqlər:





Xəbər lenti