Istanbulda aksiya qadağası uzadılıb - Yenilənib

 Istanbulda aksiya qadağası uzadılıb -  Yenilənib
  23 Mart 2025    Oxunub:1174
İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan korrupsiya və terror əməliyyatı çərçivəsində qoyulan etiraz aksiyası qadağası İstanbul Valiliyinin verdiyi qərara əsasən, 27 Mart cümə axşamı gününə qədər uzadılıb.
İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu da daxil olmaqla bir çox adamın saxlanılmasından sonra başlayan etirazları yatırmaq məqsədilə yeni tədbirlər görülür.

Bundan əvvəl hər cür nümayiş və yürüşlərin martın 23-dək qadağan edildiyini açıqlayan İstanbul Valiliyi son bəyanatında açıq havada və qapalı yerlərdə toplantı və nümayişləri, çadırların qurulması, tribunaların açılması, oturaq aksiyalar, imza kampaniyaları, anma mərasimləri və buna bənzər tədbirlərin yerli vaxtla 26 mart saat 23:59 tarixinədək qadağan edildiyini bildirib. Qurum qadağaların "cinayət hərəkətlərin qarşısının alınması, milli təhlükəsizliyin təmin edilməsi, əsas hüquq və azadlıqların və başqalarının hüquq və azadlıqlarının qorunması, ictimai asayişin və təhlükəsizliyin təmin edilməsi" məqsədilə tətbiq edildiyini bəyan edib. Bildirilib ki, "İstanbulun rayonlarından və ya ətraf vilayətlərdən fərdi və ya qrup halında qanunsuz aksiyalara qatılma ehtimalı olanlara şəhərə giriş-çıxışa icazə verilməyəcək."

Qeyd edək ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və digər şübhəli şəxslər “cinayətkar təşkilata rəhbərlik”, “cinayətkar təşkilata üzvlük”, “korrupsiya”, “rüşvət alma”, “fırıldaqçılıq”, “qanunsuz olaraq şəxsi məlumatların əldə edilməsi”, “tenderi saxtalaşdırma” cinayətlərində və “PKK/KCK terror təşkilatına yardım” etməkdə şübhəli bilinirlər.

Röya Əliyeva
AzVision.az


Teqlər:





Xəbər lenti