İmamoğlu və PKK I 106 nəfər saxlanılıb, hesablara həbs qoyulub

      İmamoğlu və PKK I    106 nəfər saxlanılıb, hesablara həbs qoyulub
  20 Mart 2025    Oxunub:663
İstanbul Baş Prokurorluğu tərəfindən aparılan iki ayrı istintaq çərçivəsində, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu, Şişli Bələdiyyə sədri Resul Emrah Şahan və Beylikdüzü Bələdiyyə sədri Mehmet Murat Çalık da daxil olmaqla, ümumilikdə 106 nəfər haqqında həbs qərarı verilib.
Sosial mediada provokativ paylaşımlar edən 261 hesab müəyyən edilib və bu paylaşımları edənlərdən 37-si saxlanılıb. Saxlanılan şəxslərin ifadələri alınır, digər şübhəlilərin tutulması istiqamətində işlər davam etdirilir.

Nədə ittiham olunur?

İstanbul şəhər Prokurorluğunun açıqlamasında qeyd olunur ki, Əkrəm İmamoğlu İstanbul Böyükşəhər Bələdiyyə sədri olduqdan sonra Beylikdüzü Bələdiyyə sədri olduğu müddətdən bəri yanında olan və ona sadiq olan şəxsləri Böyükşəhər Bələdiyyəsinin bölmə və tabeliyindəki qurumların rəhbərlərinə təyin edib.

Bildirilib ki, cinayətkar təşkilatın fəaliyyətinin davam etməsini təmin etmək məqsədilə öz alt strukturunu formalaşdıran şəxslər tenderlər vasitəsilə bir çox bələdiyyə tabeliyindəki qurumlarda mütəşəkkil şəkildə “tenderlərin saxtalaşdırılması”, “ fırıldaqçılıq”, “şəxsi məlumatların qanunsuz əldə edilməsi”, “rüşvətxorluq” və “hədə-qorxu ilə tələb etmə” cinayətləri törədiblər.

Ə. İmamoğlu çoxsayda iş adamına hədə-qorxu gələrək pul verməyə məcbur edib, bəzi iş adamlarına saxta yollarla pul qazanmağa yardım edib, qazancdan əldə olunan pulları leqalaşdırıb.

PKK/KCK

Açıqlamaya görə, PKK/KCK terror təşkilatının xüsusilə İstanbul və digər böyük şəhərlərdə fəaliyyətini artırmaq məqsədilə ötən il martın 31-də keçirilən yerli özünüidarə seçkilər zamanı “şəhər razılaşması” adlanan bir strategiyanı həyata keçirdiyi müəyyən olunub. Bu çərçivədə, təşkilatın rəhbərlərindən olan Cemil Bayık və Mustafa Karasunun seçkilər öncəsi öz fikirlərini və təlimatlarını terror təşkilatına yaxın media vasitəsilə çatdırdığı qeyd edilib.

Məlumatda İstanbul yerli özünüidarə seçkiləri üçün İmamoğlunun “şəhər razılaşması” çərçivəsində HDK (Xalqların Demokratik Konqresi) adlı təşkilatla ittifaq qurduğu və bunun terror təşkilatına bağlı media qurumları tərəfindən də bildirildiyi vurğulanıb. Bu istintaq çərçivəsində İstanbul və digər şəhərlərdə HDK üzvlərinə qarşı eyni vaxtda həbs və saxlanılma əməliyyatlarının həyata keçirildiyi qeyd edilib.

Bundan əlavə, CHP-nin siyahısından bələdiyyə məclis üzvü vəzifəsinə seçilən və bələdiyyə başçısının müavinləri kimi təyin olunan bəzi şəxslərin terror təşkilatları ilə əlaqələrinin olduğu aşkarlanıb. 31 mart seçkilərindən bir neçə gün əvvəl CHP-yə üzv olan bəzi şəxslərin HDK məlumat bazasında keçdiyi və təşkilat üzvü olduqları müəyyən edildiyi bildirilib.

Məlumatda İBB-yə bağlı bəzi qurumlarda terror təşkilatına yaxın şəxslərin işə alındığı, İmamoğlunun digər şübhəlilərlə birlikdə bələdiyyə məclis üzvlüyü siyahılarını şəxsi təsdiqi ilə formalaşdırdığı və bunun terror təşkilatının şəhərlərdə təsirini artırmaq məqsədinə xidmət etdiyi vurğulanıb.

İmamoğlunun ortağı olduğu şirkətin hesablarına həbs qoyulub

Baş Prokurorluğun tələbi ilə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun ortağı olduğu "İmamoğlu İnşaat Ticaret ve Sanayi Anonim" şirkətin hesablarına həbs qoyulub.

AzVision.az



Teqlər: Türkiyə   PKK  





Xəbər lenti