“Azərenerji”də səlahiyyətlər bölüşdürülüb, İdarə Heyəti yaradılıb

   “Azərenerji”də səlahiyyətlər bölüşdürülüb, İdarə Heyəti yaradılıb
  17 Mart 2025    Oxunub:667
Prezident İlham Əliyev “Azərenerji” ASC-nin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.
AzVision.az xəbər verir ki, fərmana əsasən, səhmdar cəmiyyətində ümumi yığıncağın səlahiyyətləri bölüşdürülüb, İdarə Heyəti (İH) yaradılıb. Belə ki, ümumi yığıncağın səlahiyyətlərinin həyata keçirilməsi dövlət başçısına, Nazirlər Kabinetinə və İqtisadiyyat Nazirliyinə həvalə olunub.

Prezident Cəmiyyətin yenidən təşkili və ləğvi, icra orqanının yaradılması, İH sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, Nazirlər Kabineti dövlət başçısı ilə razılaşdırmaqla, Cəmiyyətin nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi, onlarda dəyişiklik edilməsi, Cəmiyyətin inkişaf strategiyasının müəyyən edilməsi, illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi, xalis aktivlərinin dəyərinin 25 %-dən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 %-ni və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi, Mülki Məcəllə ilə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli, İqtisadiyyat Nazirliyi isə Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə, törəmə cəmiyyətlərinin yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi, digər hüquqi şəxslərə kapital qoyuluşu barədə qərarların qəbul edilməsinə razılıq verilməsi, Cəmiyyətin iştirak etdiyi birgə layihələrə əmlak və (və ya) pul şəklində pay qoyulmasına razılıq verilməsi kimi səlahiyyətlərə malik olacaq.

Bundan başqa, Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirmək üçün 3 üzvdən – ölkə Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi İH-nin sədri və onun iki müavinindən ibarət İH yaradılır. Nazirlər Kabineti Cəmiyyətin nizamnaməsini və strukturunu dövlət başçısı ilə razılaşdırmaqla bir ay müddətində təsdiq etməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

AzVision.az



Teqlər:





Xəbər lenti