Xamenei: "Müqavimət ABŞ-ni qızışdırır"

      Xamenei:    "Müqavimət ABŞ-ni qızışdırır"
  17 Mart 2025    Oxunub:712
"Yeganə çıxış yolu müqavimətdir".
Bu sözləri İranın ali dini lideri Əli Xamenei özünün "X" hesabında yazıb. O, ABŞ-nin Yəmənə qarşı genişmiqyaslı əməliyyat başlaması fonunda bu ölkə ilə həmrəyliyini dilə gətirib.

"Bu gün ABŞ və müttəfiqlərinin qızışmasının yeganə səbəbi müsəlman xalqların möhkəm dayanması, müqavimətin özünü doğrultmasıdır. Yəmən xalqı mütləq qalibdir", - Xamenei bildirib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın martın 15-də verdiyi gözlənilməz əmrə əsasən, ABŞ Hərbi Hava Qüvvələri Yəməndə fəaliyyət göstərən iranyönümlü "Husi" qruplaşmasının mövqelərinə aviazərbələr endirməyə başlayıb. Öz növbəsində, husilər də ciddi əks-hücuma keçiblər. Onlar "Qəzza zolağında mühasirə başa çatmayınca bu ölkə ilə əlaqəli gəmiləri Qırmızı dəniz və ətraf sularda hədəfə alacaqlarını" diqqətə çatdırıblar.

"Husi" qruplaşması ötən ilin noyabrından bəri Qəzzada müharibəyə etiraz məqsədilə Qırmızı dəniz regionunda əsasən İsraillə əlaqəli gəmiləri hədəfə almaqda idi. Bu dəniz ticarəti və ümumiyyətlə, qlobal iqtisadiyyatı ciddi təhlükə altına almışdı. ABŞ və Britaniya terrorçularla mübarizə məqsədilə regiona qoşun göndərmiş, onlara qarşı bir sıra uğurlu əməliyyat keçirmişdi.

Firudin Həmidli
AzVision.az


Teqlər: İran   husilər   ABŞ   reaksiya  





Xəbər lenti