“ASAN müraciət”in 2024-cü il üzrə hesabatı təqdim olundu I FOTO

“ASAN müraciət”in 2024-cü il üzrə hesabatı təqdim olundu  I FOTO
  11 Mart 2025    Oxunub:792
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində “ASAN müraciət” informasiya sisteminin fəaliyyəti ilə bağlı tədbir təşkil olunub. Tədbir müvafiq sistem çərçivəsində 2024-cü il ərzində həyata keçirilmiş fəaliyyətin yekunlarına həsr edilib.
Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılmış “ASAN xidmət”in fəaliyyətində vətəndaş məmnunluğunun hər zaman prioritet olduğunu, bu məqsədlə müasir texnologiyalardan və həllərdən istifadə edildiyini vurğulayıb. O, “ASAN müraciət” platformasının məhz vətəndaşlarla dövlət qurumları arasında əlaqələrin inkişafındakı xüsusi əhəmiyyətini, müraciətlərin və ehtiyacların operativ və innovativ üsullarla həll edildiyini diqqətə çatdırıb.

Sonra müraciətlərə baxılmasında fərqlənən müxtəlif qurumlara, fəallığı ilə seçilən vətəndaşlara və xüsusi dəstək göstərən ASAN könüllülərinə təşəkkürnamələr təqdim olunub.

Qeyd edək ki, "ASAN müraciət” informasiya sistemi Prezident İlham Əliyevin 2020-ci il 21 avqust tarixli Sərəncamı əsasında ictimai iştirakçılığın təmin olunması və elektron xidmətlərdən istifadə edərək, vətəndaş müraciətlərinin operativ qaydada dövlət qurumlarına yönləndirilməsi məqsədilə yaradılıb.

Sistem və onun mobil tətbiqinin əsas funksionallığı ictimai xarakter daşıyan kommunal, yol və nəqliyyat problemləri, infrastrukturun cari təmiri, abadlaşdırılması ilə bağlı müraciətlərin elektron xəritə üzərində qeyd edilməklə operativ surətdə aidiyyəti dövlət qurumlarına göndərilməsini və həmin müraciətlərə baxılmanın nəticələrinin izlənilməsini təmin etməkdir.

Hazırda “ASAN müraciət” informasiya sistemi 97 qurumun iştirakı ilə ölkə ərazisi üzrə (Naxçıvan Muxtar Respublikasının ərazisi istisna olmaqla) müraciətlərin qəbulunu və aidiyyəti üzrə göndərilməsini təmin edir. Bu günə kimi 25 minə yaxın istifadəçi “ASAN müraciət” mobil tətbiqi vasitəsilə qeydiyyatdan keçib.

Mobil tətbiqi “iOS” və “Android” əməliyyat sistemlərindən yükləmək mümkündür.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti