Filippinin keçmiş prezidenti saxlanılıb

Filippin prezidentinin ofisi bildirib ki, martın 11-də səhər saatlarında Honq-Konqdan Filippinə uçan Duterte Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) orderi əsasında Manila hava limanına endikdən sonra saxlanılıb. Həbs orderinin rəsmi surəti Manilanın İnterpol idarəsinə göndərilib.
BCM 79 yaşlı Rodriqo Duterte və daha bir neçə şəxs barədə narkotik kartellərinə qarşı mübarizədə məhkəmədənkənar qətllər və digər insan haqları pozuntuları ittihamı ilə bağlı araşdırma aparır. Prezident seçildikdən dərhal sonra Duterte filippinliləri narkotik istifadəçilərini və narkotik biznesi ilə əlaqəli insanları öldürməyə çağırıb və üç narkotik alverçisini şəxsən öldürdüyünü bildirib.
“The İndependent” nəşrinin iddiasına gröə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 6000-dən çox insan öldürülüb.
İnsan haqları müdafiəsi qrupları “narkomaniyaya qarşı müharibə” nəticəsində ölənlərin sayının daha çox olduğunu göstərir və günahsız insanların, o cümlədən uşaqların öldürüldüyünü bildirir. Hətta koronavirus pandemiyası zamanı Dutertenin müqavimət göstərdikləri təqdirdə karantin rejimini pozanların “atəşlə öldürülmələrini” də əmr etdiyi deyilir. Bu baxımdan, Filippindəki Beynəlxalq İnsan Haqları Koalisiyası Dutertenin həbsini “tarixi an” adlandırıb.
Xatırladaq ki, Rodriqo Duterte 2016-2022-ci illərdə Filippinin prezidenti olub. Onun qızı Sara Duterte-Karpio hazırda ölkənin vitse-prezidentidir. Rodriqo Dutertenin prezidentliyi dövründə Filippin BCM-i təsis edən Roma Statutundan çıxıb. Buna görə də, Dutertenin keçmiş sözçüsü Salvador Panelo həbsi tənqid edərək, Filippin BCM-dən çıxdığı üçün onun orderi əsasında atılan addımın “qanunsuz” olduğunu deyib.
Rodriqo Duterte dəfələrlə Ukraynada uşaq oğurluğu iddiası əsasında BCM-in həbsinə order verdiyi Rusiya prezidenti Vladimir Putinə siyasi dəstəyini ifadə edib.
Bu reallıqlar fonunda BCM-nin həqiqətən də ədalət məhkəməsi yox, əslində qərəzli və ikili standartlara əsaslanan siyasətbazların toplaşdığı qurum olduğu barədə iddialar öz təsdiqini tapır.
Sahil İsgəndərov
AzVision.az