Kreml qızğın başlara xəbərdarlıq edib

Kreml qızğın başlara xəbərdarlıq edib
  03 Mart 2025    Oxunub:345
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Polşanın baş naziri Donald Tuskun Ukraynaya yardımı dondurulmuş Rusiyanın aktivləri hesabına maliyyələşdirməyə çağırışına cavb verib.
AzVision.az Rusiyanın “Kommersant” nəşrinə istinadən xəbər verir ki, Dmitri Peskovun sözlərinə görə, “ağlını başına yığmağa və beynəlxalq investorların etimadını əhəmiyyətli dərəcədə sarsıda biləcək hərəkətlərə yol verməməyə çağıranların ağıllı səsləri” azlıqda qalmaqdadır.

“Biz bunu müstəsna olaraq qeyri-qanuni niyyətlər kimi qəbul edirik və onu həyata keçirmək cəhdləri olarsa, bu cəhdlərin çox ciddi məhkəmə və hüquqi nəticələri olacaq”, - Peskov bildirib.

Avropanın Ukraynada bir aylıq atəşkəs planı
Qeyd edək ki, 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Avropa İttifaqı (Aİ) və G7 ölkələri onun təxminən 300 milyard avroluq valyuta ehtiyatlarının demək olar ki, yarısını dondurublar.

Dünən Londonda keçirilən Aİ sammitindən sonra Tusk bildirib ki, Rusiyanın dondurulmuş aktivləri ilə bağlı Avropa ölkələri arasında ortaq mövqe yoxdur. Onun dediyinə görə, avro və bank sistemi üçün mümkün nəticələrdən ehtiyatlanan bəzi Aİ liderləri həmin vəsaitlərə toxunmaq istəmir.

Bununla belə, Böyük Britaniyanın baş naziri Kir Starmer Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərdən 2,84 milyard dolları Ukraynaya köçürməyə hazır olduğunu açıqlayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tusk   Peskov   xəbərdarlıq  





Xəbər lenti