Moskva: “Gürcüstandakı protestlər İrəvandan maliyyələşdirilib

      Moskva:    “Gürcüstandakı protestlər İrəvandan maliyyələşdirilib
  28 Fevral 2025    Oxunub:390
Avropa İttifaqı (Aİ) Gürcüstanda təşkil etdiyi etiraz aksiyalarını Aİ-yə üzv olan ölkələrin Ermənistandakı səfirlikləri vasitəsilə maliyyələşdirir.
AzVision.az bildirir ki, bu barədə açıqlama verən Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin (XKX) bəyanatında Aİ-nin Gürcüstandakı nümayəndəliyinin hökumət əleyhinə aksiyaların hər bir iştirakçısına 120 avroya qədər pul ödədiyi iddia olunur.

Rusiyanın xüsusi xidmət orqanlarının fikrincə, ümumiyyətlə, Brüssel Gürcüstanda blogerlər, jurnalistlər, İT mütəxəssisləri və rusiyadan qaçanlar arasında hökumət əleyhinə əhval-ruhiyyə yaratmağa çalışır. Bu məqsədlər üçün blogerlərə 50 min avroya qədər vəsait ayırmağa hazır olduqları bildirilir.

“Avropalı məmurlar etirazları gücləndirmək və hakim “Gürcü Arzusu” partiyasına qarşı müxalifət partiyalarının “birləşmiş yumruq” yaratmaq istəyirlər”, - bəyanatda deyilir.

Xatırladaq ki, Gürcüstanda ötən ilin oktyabrında parlament seçkilərindən sonra başlayan etiraz aksiyaları bu gün də ara-sıra baş verir. Müxalifət tərəfdarları seçkilərin nəticələrinin ləğvini və gürcülərin iradəsinin yeni ifadəsini tələb edir.

Kavelaşvili: “Bizi nüvə dövləti ilə müharibəyə sövq edirdilər”
Aİ səsvermənin nəticələrini tanımaqdan imtina edib, bunun cavabında hakim “Gürcü arzusu” partiyası Avropaya inteqrasiya prosesini dayandırıb. Brüssel və Bayden administrasiyası Gürcüstan hakimiyyətinə qarşı bir sıra sanksiyalar tətbiq edib.

Dünən isə Avropa Parlamentinin (AP) litvalı üzvü Rasa Yuknyaviçene Tbilisiyə səfəri zamanı Aİ ölkələrini gürcü xalqına dəstək verməyə çağırıb.

- Mən Aİ-yə üzv ölkələrin paytaxtlarını və Avropa Komissiyasını (AK) gürcü xalqının azadlıq mübarizəsinin təcavüzkar Rusiya imperiyasına qarşı Avropa müqavimətinin tərkib hissəsi olduğunu başa düşməyə çağırıram. Gürcülərə dəstəklə biz güclü Aİ-nin saxlanmasına kömək edəcəyik”, - litvalı parlamentari “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Bundan əvvəl o, Gürcüstanın sabiq prezidenti Salome Zurabişvili ilə görüşüb. Bununla bağlı sosial şəbəkədə yazı dırc edən Zurabişvili litavlı deputatla Gürcüstanın gələcək yolunu müzakirə etmək üçün görüşdüyünü bildirib. Onun sözlərinə görə, bu zaman demokratik və şəffaf prosesi təmin etmək üçün yeni seçkilər planı təqdim olunub. Keçmiş prezident yeni seçkilərdə avropalı tərəfdaşların davamlı dəstəyinə görə onlara minnətdarlılq hissini izhar edib.

Qeyd edək ki, daha əvvəl Gürcüstan hökuməti müxalifətin etiraz aksiyalarının, o cümlədən ABŞ-nin nəzarətində olan USAID beynəlxalq agentliyi tərəfindən maliyyələşdirildiyini açıqlamışdı.


Amerikanın “ForeignAssistance.gov” hökumət portalının məlumatına görə, 2024-cü ildə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Gürcüstana seçki proseslərinin dəstəklənməsi, qanunun aliliyinin gücləndirilməsi və vətəndaş cəmiyyətinin inkişafı üçün 111,5 milyon dollar ayırıb.

Məhz belə məlumatlar fonunda ABŞ prezidenti Donald Tramp xaricdə, o cümlədən Cənubi Qafqaz ölkələrində seçki proseslərinə müdaxilə üçün qrantların ayrılması ilə məşğul olan agentliyin fəaliyyətini müvəqqəti dayandırıb. Onun əməkdaşlarının 90 faizindən çoxu işdən çıxarılıb.

“CNN” agentliyinin məlumatına görə, Tramp administrasiyası USAİD-in gələcəyi ilə bağlı yekun qərar qəbul edib və ona ayrılan yardımın 90 faizdən çoxu bərpa olunmayacaq.
Gürcüstanda qeyri-hökumət təşkilatlarının maliyyələşdirilməsini digər Amerika fondları, o cümlədən ABŞ-nin Demokratik partiyası ilə əlaqəli Milli Demokratiyaya Yardım Fondu (NED) təmin edir.


Bu baxımdan, Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-nin yeni administrasiyasının inqilabi prosesləri, o cümlədən NED-in vasitəsilə həyata keçirilən bu tədbirləri məhdudlaşdırmasının vacibliyini vurğulayıb.

“Kənardan maliyyələşmə dövlət əleyhinə olan proseslərə yönəlməməlidir. Bu fondun fəaliyyətinin məhdudlaşdırılması Gürcüstan üçün vacibdir. Ölkəmizdə çox ciddi anti-dövlət fəaliyyətləri bu fond vasitəsilə maliyyələşdirilirdi və bu, nə qədər az olsa, Gürcüstan üçün bir o qədər yaxşıdır. İnqilabi aksiyalar da onun tərəfindən maliyyələşdirilirdi”, - Gürcüstan hökumətinin rəhbəri dünən jurnalistlərə açıqlamasında deyib.

Yeri gəlmişkən, elə dünən NED öz vəsaitlərinə çıxışı itirdiyi üçün dünya üzrə 2 mindən çox layihənin maliyyələşdirilməsini dayandırmaq məcburiyyətində qaldığını açıqlayıb. NED hazırda ABŞ Konqresi tərəfindən ayrılan və fondun, demək olar ki, bütün qrant alanlarını və əməliyyatlarını maliyyələşdirən vəsaitlərə çıxış əldə edə bilmir.

Xatırladaq ki, Gürcüstan prezidenti Mixail Kavelaşvili 10 gün əvvəl “Radio Courtoisie” radiostansiyasına müsahibəsində kollektiv Qərbin Tbilisini nüvə dövləti olan Rusiya ilə müharibəyə sövq etməyə çalışdığını bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Gürcüstan   protestlər   İrəvan  





Xəbər lenti