NBC News: “Moskva Ukraynanın sərvətini ABŞ-yə təklif edib”

      NBC News:    “Moskva Ukraynanın sərvətini ABŞ-yə təklif edib”
  27 Fevral 2025    Oxunub:360
Rusiya ABŞ prezidenti Donald Trampın administrasiyasına Rusiyanın ilhaq etdiyi Ukrayna ərazisində yerləşən bəzi mineral ehtiyatlara, o cümlədən nadir torpaq metallarına sahiblik hüququnu Vaşinqtona ötürməsi barədə saziş bağlamaq imkanı təklif edib.
AzVision.az xəbər verir ki, “NBC News” telekanalı kəşfiyyat məlumatları ilə tanış olan adı açıqlanmayan Amerika rəsmiləri və digər məlumatlı mənbələrin belə iddia səsləndirdiklərini bildirib.

Telekanalın həmsöhbətlərinin dediyinə görə, Rusiya prezidenti Vladimir Putinin yüksək vəzifəli köməkçiləri Səudiyyə Ərəbistanında keçirilən görüşdə Tramp administrasiyasının nümayəndələri ilə yuxarıdakı ideyanı müzakirə ediblər.

Amerikalı məmurlar söhbətin ABŞ-nin Rusiyanın özünün “yeni bölgələri” hesab etdiyi Donetsk və Zaporojye vilayətlərindəki yataqlara çıxışından getdiyini açıqlayıblar. Onlar bildiriblə ki, Amerika tərəfi bu sövdələşməyə razılaşmasa da, ondan imtina da etməyib.

“Tramp tranzaksiya oyunçusudur, ona görə də bunu başa düşən Putin belə bir cavab verdi. Rusiya həm Trampın Ukraynanın təbii sərvətlərində maraqlı olduğunu, həm də Zelenskinin müqavilənin ilkin variantını imzalamaqdan imtina etməkdə qətiyyətsizliyini açıq şəkildə gördü”, - telekanalın jurnalistləri sözügedən regionda təcrübəsi olan keçmiş amerikalı diplomatdan sitat gətirirlər.

Daha əvvəl jurnalistlərə açıqlamasında Tramp iqtisadi inkişafla bağlı ABŞ-nin bir neçə saziş bağlamağa çalışdığını və Rusiyada Vaşinqtonun almaq istədiyi çox şeylərin olduğunu demişdi: “Bilirsiniz, onlarda nadir torpaq metallarının böyük ehtiyatları var. Onlar, bu ehtiyatlar çox böyükdürlər”.

“NBC News” xatırladır ki, Tramp iki gün əvvəl Rusiya ilə hazırda onun nəzarət etdiyi Ukrayna ərazisindəki mineral ehtiyatlara dair razılaşmanın “baş verə biləcəyini” deyib, lakin bunu Putinlə artıq müzakirə edib-etmədiyini dəqiqləşdirməyib.

Trampın həmin bəyanatından bir gün əvvəl isə, Vladimir Putin, öz növbəsində, Rusiyanın dövlət telekanalına müsahibəsində bildirib ki, Moskva ABŞ-ni nadir torpaq metallarının çıxarılması, eləcə də alüminium istehsalı sahəsində birgə işləməyə dəvət etməyə hazırdır. O, öz təklifinin Rusiya tərəfindən ələ keçirilən Ukrayna rayonlarına da şamil olunduğunu vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Putin   Tramp   Ukrayna   minerallar  





Xəbər lenti