Küveytdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Küveytdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
  25 Fevral 2025    Oxunub:295
Azərbaycan Respublikasının Küveytdəki səfirliyində bu ölkədə yaşayan və təhsil alan Azərbaycan icmasının və Küveyt ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar anım tədbiri təşkil edilib.
AzVision.az Azərbaycanın Küveytdəki səfirliyinə istinadla xəbər verir ki, tədbir Xocalı soyqırımının qurbanları, eləcə də canlarını Vətənin müdafiəsi və azadlığı uğrunda fəda edən bütün şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla anılası ilə başlanıb.

Tədbirdə çıxış edən səfir Emil Kərimov bildirib ki, “ötən əsrdə xalqımız dəfələrlə etnik təmizləmə siyasətinə məruz qalıb, tarixi torpaqları olan Ermənistandan qovulub, 20 Yanvar faciəsini, Qarabağ müharibəsini, Xocalı soyqırımını, eləcə də Ağdaban, Qaradağlı, Başlıbel, Bağanıs Ayrım kimi qətliamları və bir sıra digər faciələri yaşayıb və soyqırımı siyasətinin qurbanı olub. Xocalı soyqırımı vəhşilik dərəcəsinə görə dünya miqyasında ən dəhşətli faciələrdəndir və Holokost, Qolodomor, Xatın, Xirosima-Naqasaki, Sonqmi, Ruanda soyqırımları kimi insanlığa qarşı cinayətlərin fövqündə dayanır”.

Xocalı soyqırımının qurbanları haqqında danışan səfir bu faciəyə ilk dəfə hüquqi-siyasi qiymətin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən verildiyini bildirib. O vurğulayıb ki, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun da rolu böyükdür və Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlayan “Xocalıya Ədalət” beynəlxalq kampaniyası soyqırımın tanıdılmasında xüsusi əhəmiyyətə malikdir.

Səfir çıxışının sonunda 44 günlük Vətən müharibəsi dövründə müzəffər Ali Baş Komandan İlham Əliyevin çağırışı ilə ayağa qalxan igid oğullarımızın bədnam düşmənin işğalçılıq siyasətinə son qoyduqlarını və xalqımızın tarixinə parlaq qələbə yazdıqlarını bildirib.

Anım mərasimində çıxış edən Azərbaycan-Küveyt “Vətənsevər” Dostluq Cəmiyyətinin sədri Könül Hacıyeva ermənilərin vəhşilikləri haqqında məlumat verərək, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusunun və xalqının 44 günlük Vətən müharibəsində öz böyüklüyünü, qüdrətini və qəhrəmanlığını göstərdiyini bildirib.

Çıxışlar bitdikdən sonra tədbir iştirakçıları Xocalı soyqırımına həsr edilmiş “Məhv edilmiş şəhər” sənədli filminə baxıblar. Tədbir keçirilən zalda ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən müxtəlif illərdə nəşr edilmiş kitab və jurnallar, bukletlər sərgilənib, eləcə də fotostend quraşdırılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti