Kimlər Maska tabe olmaq istəmir? - WSJ

   Kimlər Maska tabe olmaq istəmir?    - WSJ
  24 Fevral 2025    Oxunub:317
ABŞ-nin Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri, milyarder İlon Mask hökumət işçilərindən son bir həftə ərzində gördüyü işlər barədə hesabat vermələrini tələb edib. Lakin dövlət idarələri işçilərdən əmrə məhəl qoymamalarını xahiş edərək, tabeçiliyində olanların işini özləri yoxlayacaqlarını və ya məxfi məlumatları açıqlamaqdan qorxduqlarını söyləyirlər.
AzVision.az “The New York Times (NYT)” və “The Wall Street Journal (WSJ)” nəşrlərinə istinadən xəbər verir ki, Amerikanın bir sıra dövlət qurumları, o cümlədən Müdafiə nazirliyi, Federal Təhlükəsizlik Bürosu (FTB) və Dövlət departamenti DOGE-nin rəhbəri İlon Maskın son bir həftə ərzində görülən işlər barədə hesabat təqdim etmək əmrinə məhəl qoymamaq qərarına gəlib.

Bundan əvvəl Mask işdən çıxarılacağı ilə hədələyərək, hökumət işçilərindən fevralın 24-ü gecə yarısına qədər görülən işlər haqqında hesabat tələb edib. Tələb electron poçtların Personalın İdarəolunması ofisindən (PİO) göndərilib.

Pentaqondan bildirilib ki, nazirlik müstəqil şəkildə “öz personalının fəaliyyətini qiymətləndirmək üçün məsuliyyət daşıyır və öz prosedurlarına uyğun olaraq hər hansı yoxlama aparacaq” və işçilərdən PİO-nun məktublarına cavab verməkdən çəkinməyə çağırılıb.

Milli Kəşfiyyat İdarəsinin direktoru Tulsi Qabbardın mesajından da tabeliyində olanlara sorğuya cavab verməməyi tövsiyə etdiyi anlaşılır.

“İşimizin mahiyyətcə həssas və məxfi xarakter daşıdığını nəzərə alaraq, kəşfiyyat icmasının əməkdaşları PİO-nun elektron məktublarına cavab verməməlidirlər”, - xanım Qabbard yazıb.

FTB-nin rəhbəri Kaş Patel, Dövlət departamentinin, Daxili Təhlükəsizlik departamentinin, müxtəlif hüquq-mühafizə orqanlarının və digərlərinin şəxsi heyətinin məsul işçilərinin də reaksiyası eyni ruhda olub.

Milli Təhlükəsizlik Agentliyi və bəzi digər kəşfiyyat idarələri işçilərə xəbərdarlıq edib ki, cavab tədbirləri gizli işlərin təsadüfən açıqlanmasına səbəb ola bilər. Halbuki, İlon Maskın məktubunda həssas məlumatların hesabata daxil edilməməsi tapşırılıb.

Öz nöbvəsində, Həmkarlar ittifaqları da Maskın təşəbbüsünə neqativ münasibət sərgiləyib. Amerikanın Hökumət İşçiləri Federasiyasının prezidenti Everett Kelli PİO-nun məktubunu “aşkar şəkildə qeyri-qanuni” “düşünülməz” adlandırıb.

- Seçilməmiş və qeyri-adekvat İlon Maska PİO-nun hərəkətlərini diktə etməyə icazə verməklə siz federal işçi qüvvəsinin dürüstlüyünə və onların mühüm işinə hörmət qoymadığınızı nümayiş etdirdiniz”, - Kelli PİO-nun rəhbərliyinə yazdığı məktubda bildirib.

Qeyd edək ki, prezident Donlad Trampın birbaşa tapşırığı əsasında Amerika bürokratiyasının külli miqdarda büdcə vəsaitini nəzarətsiz şəkildə xərcləmsinin qarşısını almaq yönündə DOGE-nin rəhbəri İlon Maskın sərt addımları ondan narazı məmurların sayını get-gedə artırır.

Bəzi ekspertlər, belə davan edəcəyi halda, hətta İlon Maskın ABŞ prezidentinin komandasından uzaqlaşdırıla biləcəyini də istisna etmirlər. Onların fikrincə, bu baxımdan, ABŞ-də müşahidə edilənlər istənilən ölkədə bürokratik aparatın hansı gücə malik olduğundan xəbər verir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Mask   tapşırıq   inkar  





Xəbər lenti