Putin və Tramp bu ay görüşə bilərlər

  Putin və Tramp bu ay görüşə bilərlər
  19 Fevral 2025    Oxunub:486
"Rusiya Prezidenti Vladimir Putin və amerikalı həmkarı Donald Tramp arasında danışıqlar bu ay ərzində, yaxud yaxın gələcəkdə baş tuta bilər".
Bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında dilə gətirib. O vurğulayıb ki, iki ölkə arasında müzakirələr Ukraynadakı müharibənin həllində mühüm addımdır.

"Qərb mediası bir yandan, bizim media bir yandan mümkün görüş barədə yazır. Görüş fevralın sonunadək keçirilə də bilər, keçirilməyə də. Əlbəttə, Rusiya ilə ABŞ arasında Co Bayden hökuməti dövründə qəsdən pozulan münasibətlər yenidən qurulmalıdır", - o deyib.

Peskov bildirib ki, liderlərin görüşü əvvəla hər iki ölkənin xarici işlər nazirlikləri tərəfindən razılaşdırılmalı, hazırlanmalıdır.

"Rusiyanın Ukrayna məsələsi üzrə təmsilçisinə gəlincə, Prezident bu barədə ABŞ-nin müvafiq təyinatından sonra qərar verəcək", - katib söyləyib.
Səudiyyədə xüsusi görüş: Kiyevdən xəbərsiz

Xatırladaq ki, ötən gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ABŞ və Rusiya nümayəndə heyətlərinin Ukraynada müharibənin həllinə dair xüsusi sammiti keçirilib. Marko Rubio ABŞ-ni, Sergey Lavrov isə Rusiyanı təmsil edib. Onlar həmçinin bir sıra digər məsələ ətrafında da müzakirələr aparıblar. Donald Tramp və Vladimir Putinin mümkün görüşünün də məhz Ər-Riyadda keçiriləcəyi diqqətə çatdırılır.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Rusiya   ABŞ   liderlər   görüş  





Xəbər lenti