Kats: "İsrail "Hizbullah"la atəşkəsə sadiqdir"

      Kats:    "İsrail "Hizbullah"la atəşkəsə sadiqdir"
  18 Fevral 2025    Oxunub:681
"İsrail Silahlı Qüvvələri Livanın cənubunda "Hizbullah" qruplaşması ilə atəşkəs sazişini "mütləq surətdə" yerinə yetirəcək".
Bu sözləri İsrailin müdafiə naziri İsrael Kats "X" hesabında yazıb. O diqqətə çatdırıb ki, İsrail Ordusunun Livandan çəkilməsinə baxmayaraq, bir qrup qoşunun 5 strateji nöqtədə saxlanılması "Hizbullah"ın mümkün təhlükəli hərəkətlərinin qarşısını almaq məqsədi daşıyır.

"Qruplaşmanın istənilən atəşkəs pozuntusuna qarşı güzəştə gedilməyəcək. "Hizbullah" Litani çayı xəttindən tamamilə geri çəkilməli, Livan Ordusu ABŞ-nin rəhbərliyində yaradılmış nəzarət mexanizmi altında onu tərksilah etməlidir. İsrail özünün şimaldakı yaşayış məntəqələrində təhlükəsizliyi tam həyata keçirmədə qərarlıdır", - nazir bildirib.
İsrail Ordusu Livandan çıxıb

Xatırladaq ki, ötən il noyabrın 27-də imzalanan atəşkəs sazişi nəticəsində İsrail və Livanın "Hizbullah" qruplaşması arasında ikiaylıq müharibə başa çatıb. (Müharibə dövründə İsrail "Hizbullah"ın ali rəhbərlərini, o cümlədən təşkilatın lideri Həsən Nəsrullahı aradan qaldırıb). Həmin vaxtdan indiyədək irili-xırdalı sərhədyanı toqquşmalar meydana gəlib. Sazişin şərtlərinə əsasən, İsrail Silahlı Qüvvələrinin bu ölkədən çıxması üçün 60 günlük möhlət verilib. Halbuki bu müddətin yanvarın 26-da qurtarması fonunda İsrail qruplaşmanın yenidən güc toplanmasından ehtiyatlanaraq, daha 30 gün vaxt istəyib. Möhlətin bu gün qurtarması nəticəsində İsrail qoşunları Livanın cənubundan çəkilib.

Yaxın günlərdə "Hizbullah"ın da öz qüvvələrini Livanın cənubundan çəkəcəyi gözlənilir. Nəticədə həmin ərazidə yeganə hərbi güc kimi Livan Silahlı Qüvvələri qalacaq.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   Livan   Hizbullah   geri-çəkilmə  





Xəbər lenti