Zelenski Qərbə xəbərdarlıq edib

   Zelenski Qərbə xəbərdarlıq edib
  14 Fevral 2025    Oxunub:472
Qərb Ukraynaya dəstəyi gücləndirməlidir, əks halda birbaşa hərbi münaqişə təhlükəsi ilə üzləşəcək.
AzVision.az xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı belə deyib.

“Bu gün Rusiya ilə eskalasiyadan ehtiyat edən nə ABŞ, nə də Avropa Ukraynanın NATO-ya daxil olmasının müzakirəsinə hazır deyil. Bu baxımdan, Ukrayna ordusunun 1,5 milyon nəfərə çatdırılması vacibdir. Rusiya Belarus istiqamətində mövqelərini möhkəmləndirmək üçün 15 diviziya (100-150 min nəfər) yaradır. Bu qüvvələr həm Ukraynaya qarşı, həm də NATO ölkələrinə, o cümlədən Polşa və Baltikyanı ölkələrə qarşı istifadə oluna bilər”, - Zelenski iddia edib.

Strateji obyektlərin təhlükəsizliyinə xüsusi diqqət çəkən Ukrayna prezidenti Çernobıl AES-ə hücum edən Rusiya PUA-sının radarların görə bilmədiyi 85 metr yüksəklikdə uçduğunu açıqlayıb. Onun fikrincə, bu həmin obyektə məqsədyönlü zərbə xarakterli terro aktı kimi qiymətləndirilə bilər.

Zelenski Ukraynaya yardım məsələsində təkcə diplomatik addımların deyil, həm də konkret silahların verilməsinin vacib olduğunu vurğulayıb. O qeyd edib ki, Ukrayna 150 F-16 təyyarəsi və 25 Patriot sistemi də daxil olmaqla, lazımi dəstək alacağı təqdirdə öz ordusundan sülhməramlı kontingent yaratmağa hazırdır.

- Sanksiyalara baxmayaraq, Rusiya tam təcrid olunmayıb - həm Co Baydenin keçmiş administrasiyası, həm də Ağ Evin hazırkı rəhbəri Donald Trampın komandası onunla əməkdaşlığı davam etdirir. Avropa Rusiyanın növbəti hədəfinə çevrilə biləcəyinin fərqindədir və qətiyyətlə hərəkət etməlidir. Ukrayna hərbçiləri indi dünyaya danışıqlar imkanı verir, lakin fəal hərəkət etməyən Qərb müharibəyə cəlb oluna bilər”, - Ukrayna prezidenti ABŞ və Avropanı Moskvaya münasibətdə daha sərt addımlar atmağa çağırıb.

O, Putinə təzyiq göstərmək üçün konkret addımları ABŞ ilə çox tez müzakirə edilməli olduğunu bildirirb. Çünki əks halda, Qərbin öz kostyumlarını hərbi geyimə dəyişmək məcburiyyətində qalacağı qaçılmaz olacaq.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Zelenski   Münhen   xəbərdarlıq  





Xəbər lenti