Ukrayna hərbçiləri Putinlə sövdələşmənin əleyhinədir

   Ukrayna hərbçiləri Putinlə sövdələşmənin əleyhinədir
  14 Fevral 2025    Oxunub:556
Bəzi ukraynalı hərbçilər Qərbin daha çox hərbi yardımına ehtiyac duysalar da, Rusiya ilə nəyin bahasına olursa-olsun sülh müqaviləsi bağlamaq istəmirlər.
AzVision.az xəbər verir ki, 40-dan çox briqada ilə əlaqə saxlayan ukraynalı zabit bu barədə “Associated Press (AP)” agentliyini adının gizli qalması şərti ilə qarşıdan gələn danışıqlar fonunda məlumatlandırıb.

“Hazırda əlimizdə olan sursat ehtiyatı iki-üç həftəyə, bəlkə də bir aya çatacaq. Biz birmənalı şəkildə öz gücümüzlə bunun öhdəsindən gələ bilmərik”, - zabit deyib.

Ukraynanın şərqində döyüşən Ukrayna Silahlı Qüvvələrinin (USQ) 53-cü briqadasının daha bir qadın əsgəri isə ABŞ və Rusiya prezidentləri arasında aparılan danışıqlara şübhə ilə yanaşıb. Onun fikrincə, müharibəni ancaq güc yolu ilə dayandırmaq olar.

- Əgər dialoq vəziyyətə təsir etməyin yollarından biridirsə, qoy danışsınlar, amma bu danışıqların nəticələrini hiss etməyimiz üçün kifayət qədər mənalı olsun. Şərtlər hamı üçün qəbuledilməzdir. Bizim təklif etdiklərimiz onlar üçün, onların təklif etdikləri isə bizim üçün işləmir. Buna görə də, yəqin ki, buradakı hər bir əsgər kimi, mən də inanıram ki, bunu ancaq güc yolu ilə həll etmək mümkündür”, - hərbçi qadın vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Ukraynanın və Qərbin yüksək vəzifəli məmurlarına istinad edən “Financial Times” nəşri Tramp və Putinin, böyük ehtimalla, Pasxa bayramına (20 aprel) və ya mayın 9-na qədər Ukraynada atəşkəs barədə razılığa gəlməyə çalışacaqlarını yazmışdı.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ukrayna   hərbçilər   sövdələşmə  





Xəbər lenti