Ukrayna probleminin həlli üzrə 3 ssenari

   Ukrayna probleminin həlli üzrə 3 ssenari
  13 Fevral 2025    Oxunub:345
“Bloomberg” agentliyinin analitikləri Rusiya-Ukrayna müharibəsinin sona çatmasının üç mümkün ssenarisini təsvir ediblər.
AzVision.azxəbər verir ki, ssenarilər ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putinin telefon danışıqlarına, eləcə də danışıq barədə xəbərdar edilməyən Avropa rəsmilərinin bu söhbətə reaksiyasına həsr olunmuş məqalədə öz əksini tapıb.

Nəşrin yazdığına görə, Trampın etimadına baxmayaraq, hələlik sülh razılaşmasının əldə olunub-olunmayacağı bəlli deyil, çünki Putin hələ də “güzəştə meyl göstərmir”. Bununla belə, agentlik hesab edir ki, Ukraynada tənzimlənmənin “geniş konturları” artıq görünür.

Daha çox ehtimal olunan “əsas ssenari”. Yaxın gələcəkdə Rusiya tərəfindən ilhaq edilmiş Ukrayna əraziləri “asılı vəziyyətdə” və Rusiyanın faktiki nəzarəti altında qalacaq. Bəzi ərazilərin, o cümlədən Ukrayna ordusunun işğal etdiyi Kursk vilayətinin bir hissəsinin mübadiləsi mümkündür. Ukrayna bir növ təhlükəsizlik zəmanəti alacaq və danışıqların əksəriyyətində bu təminatların nə dərəcədə güclü olacağı müzakirə ediləcək. Ukraynanın NATO-ya üzvlük ehtimalı hələlik istisna edildiyi üçün bu təminatlara əməl olunması gələcək siyasi liderlərin qərarlarından asılı olacaq. Avropa Ağ Evlə təmas qurmğı bacarsa, Aİ ölkələri bu istiqamətdə öz imkanlarını artırana qədər ABŞ-ni Ukraynaya dəstəyi davam etdirməyə inandıra bilərlər.

Kiyev üçün ən yaxşı olan “ideal ssenari”. Rusiya sülh sazişinin şərtlərini pozarsa, ABŞ və Avropa ölkələri müdaxilə edəcəklərinə söz verəcəklər. Lakin Rusiya ilə birbaşa münaqişə təhlükəsi hətta Ukraynanın ən qızğın tərəfdarları arasında da narahatlıq doğurur. Əvəzində Kiyevin müttəfiqləri Ukraynaya hərbi yardımı artırmaq, Rusiyaya qarşı sanksiyaları bərpa etmək və ya gücləndirmək, Ukraynanın müdafiə sənayesinin inkişafına kömək etmək və Ukrayna Silahlı Qüvvələrində islahatlar aparmağı vəd edə bilər ki, onlar Rusiya üçün əsas çəkindirici vasitəyə çevrilsinlər. Bu ssenari həm də Ukraynanın 10 il ərzində Avropa Birliyinə qoşulmasına yol aça bilər ki, bu da öz növbəsində Aİ-nin şərq cinahını gücləndirər.

Kiyev üçün ən pis və “qorxunc ssenari”. Tramp hər hansı sövdələşmə bağlanmazdan əvvəl Ukraynanın gələcəyinə marağını itirə, hərbi və maliyyə yardımını kəsə, Avropanın özünün bütün problemləri həll etməsi üçün meydandan çıxa bilər.

Avropa danışıqlar stolu arxasında yer "tələb" edir
Yeri gəlmişkən, Aİ ölkələrinin Xarici İşlər nazirlərinin birgə bəyanatında Ukrayna üzrə danışıqlar masası arxasında Avropanın yer almasının vacib olduğu vurğulanır. Belə ki, ABŞ prezidenti Donlad Trampın rusiyaklı həmkarı Valdimir Putinlə və Ukrayna lideri Volodimir Zelenski ilə dünən apardığı telefon danışıqları, habelə bu barədə avropalı müttəfiqlərini xəbərdar etməməsi Brüssel bürokratiyasında və Aİ-nin aparıcı ölkələrinin liderlərində ciddi narahatlıq hissi doğurub.

“Bloomberg” agentliyi, öz növbəsində, münaqişənin mümkün sona çatması üçün Vaşinqtonun hələ də rəsmi plan təqdim etmədiyinə diqqət çəkib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Ukrayna   ssenarilər  





Xəbər lenti