AFP: "Qəzzada atəşkəs prosesi gərgin qalmaqdadır"

      AFP:    "Qəzzada atəşkəs prosesi gərgin qalmaqdadır"
  13 Fevral 2025    Oxunub:493
"Fələstinin HƏMAS terror təşkilatı Qəzza zolağında İsraillə üçmərhələli atəşkəs və əsir mübadiləsi üzrə sazişin qorunub saxlanılmasını istəyir".
"Agence France-Presse" (AFP) xəbər agentliyi yazır ki, təşkilat bu barədə bəyanat yayıb. Bəyanata əsasən, münaqişənin həlli üzrə vasitəçilər (ABŞ, Qətər və Misir) sazişin tam yerinə yetirilməsi məqsədilə "hər iki tərəfə təzyiq göstərir".

"Göstəriş budur ki, şənbə günü əsir mübadiləsi prosesi yenidən başladılsın", - təşkilat vurğulayır.

Digər tərəfdən, Fələstin Muxtariyyətinin adı çəkilməyən rəsmi nümayəndələri sazişin icrası üzrə irəliləyiş nəzərə çarpdığını diqqətə çatdırırlar. AFP bildirir ki, vasitəçilər İsrail tərəfindən də bu gün səhər saatlarından etibarən humanitar protokolun tətbiqi barədə "vəd alıblar".

"Həm HƏMAS, həm də İsrail əsir mübadiləsinin altıncı partiyasını vaxtında, yəni şənbə günü həyata keçirməklə bağlı öhdəliklərini Misir tərəfinə təsdiqləyib", - agentlik yazır.

Xatırladaq ki, yanvarın 19-da İsrail və HƏMAS arasında atəşkəs sazişi qüvvəyə minib. Son günlər isə münaqişə zəminində atəşkəsin icrası gərgin hala gəlib. HƏMAS İsrailin razılaşmanı pozduğu iddiasını irəli sürərək, şənbə günü planlaşdırıldığı üzrə üç əsir azadlığa buraxmayacağını söyləyib.

Digər tərəfdən, ABŞ Prezidenti Donald Tramp fevralın 10-da HƏMAS-a qarşı "şənbə günü günortayadək bütün israilli əsirləri azadlığa buraxmaq" tələbini irəli sürüb:
Tramp: "Səbrimiz tükənir"

"HƏMAS əsirləri buraxmasa, İsrail Qəzzada müharibəni yenidən başlatmalıdır".

HƏMAS-ın ali rütbəli sözçüsü Sami Əbu Zöhri "Reuters" xəbər agentliyinə açıqlamasında dilə gətirib ki, "bu cür ritorika yalnız işləri çətinləşdirir".

"Tərəflərin artıq razılaşdırılmış sazişinə müdaxilə yolverilməzdir. ABŞ Prezidenti Donald Tramp yadda saxlamalıdır ki, israilli əsirlərin azadlığa buraxılmalarının yeganə yolu İsrail və HƏMAS arasında atəşkəsə hörmətlə yanaşmaqdır", - Zöhri vurğulayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   HƏMAS   İsrail   ABŞ   münaqişə   danışıqlar  





Xəbər lenti