Avropa danışıqlar stolu arxasında yer "tələb" edir

   Avropa danışıqlar stolu arxasında yer "tələb" edir
  13 Fevral 2025    Oxunub:360
Böyük Britaniya, Almaniya, İspaniya, İtaliya, Polşa, Ukrayna, Fransa və Avropa İttifaqının (Aİ) Xarici İşlər nazirləri Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün gələcək danışıqlarda iştirakla bağlı bəyanat veriblər.
AzVision.az “Ukrainskaya pravda” qəzetinə istinadən xəbər verir ki, Kiyevə dəstəyin möhkəmləndirilməsinə hazır olduqlarını iddia edən nazirlər Rusiyanın işğalçılıq müharibəsi qarşısında Ukraynanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə sadiq qaldıqlarını vurğulayıblar.

Bəyanatda “ədalətli, hərtərəfli və davamlı sülh əldə olunana qədər” Ukraynaya dəstəyin veriləcəyi qeyd edilir. Nazirlər əlavə söhbətin “Ukrayna və onun Avropalı müttəfiqlərinin maraqlarını təmin edən sülhdən” getdiyini bildiriblər.

“Biz amerikalı müttəfiqlərlə irəliyə doğru yolu müzakirə etməyi səbirsizliklə gözləyirik. Bizim ümumi məqsədlərimiz Ukrayna üçün güc mövqeyini təmin etmək olmalıdır. Ukrayna və Avropa istənilən danışıqlarda iştirak etməlidir. Ukrayna güclü təhlükəsizlik təminatları ilə təmin olunmalıdır. Ukraynada ədalətli və davamlı sülh möhkəm Avro-Atlantik təhlükəsizliyin zəruri şərtidir”, - XİN rəhbərlərinin bəyanatında bildirilir.

Avropa tələyə düşəcəyindən qorxur
Avropa qitəsinin təhlükəsizliyinin ümumi məsuliyyət olduğunu xatırladan nazirlər, buna görə də kollektiv müdafiə imkanlarını gücləndirmək üçün birlikdə çalışdıqlarını iddia ediblər.
Qeyd edək ki, bir müddət əvəvl mənbələrə istinad edən İspaniyanın “El Pais” qəzeti Aİ-nin Donald Trampın Vladimir Putinlə Ukrayna üzrə pakt üzrə birbaşa razılaşmaqla Brüsseli və Kiyevi danışıqlardan kənarlaşdıra biləcəyindən narahat olduğunu yazmışdı.

ABŞ prezidentinin dünən rusiyalı həmakrı ilə təxminən 1,5 saatlıq telefon danışığından sonra avropalı liderlərin bu narahatlığı artıq açıq-aşkar təşvişlə əvəzlənib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Avropa   Ukrayna   danışıqlar  





Xəbər lenti