Rusiya neft hasilatını azaltmağı planlaşdırır

Rusiya neft hasilatını azaltmağı planlaşdırır
  13 Fevral 2025    Oxunub:350
Rusiyanın neft şirkətləri milyonlarla barrel nefti sata bilmədikləri üçün hasilatı azaltmağa hazırlaşırlar.
AzVision.az xəbər verir ki, neft sənayesinin üç top-menecerinə, habelə treyderlərə və liman agentlərinə istinad edən “Reuters” agentliyi belə məlumat yayıb.

Agentliyin həmsöhbətlərinin fikrincə, bu ilin yanvarında Co Bayden administrasiyası tərəfindən tətbiq edilən sanksiyalar, o cümlədən “Qazprom neft” və “Surqutnefteqaz”, habelə “kölgə donanmasının” 180 tankeri Rusiyada xaricə ixracı mümkün olmayan artıq neft ehtiyatı yaradıb.
Sanksiyaların tətbiq olunduğu bir ay ərzində Rusiya neftçiləri üzən anbarlara çevrilmiş tankerlərdə üzən 17 milyon satılmamış barrel toplayıblar.

“Rusiyada praktiki olaraq heç bir böyük saxlama anbarları yoxdur və mövcud olanlar yanvarda dron hücumlarına məruz qalıb. Neftayırma zavodlarında artıq neftin emalı da çətindir: PUA-ların zərbələri nəticəsində Ryazan, Volqoqrad və Həştərxan da daxil olmaqla neft emalı zavodlarının gücünün 10%-i itirilib və onların təmiri aylar çəkəcək”, - agentliyin mənbələri bildirir.

Onların sözlərinə görə, neftçilər üçün yeganə çıxış yolu hasilatı azaltmaqdır ki, bu da yaxın aylarda başlaya bilər. Tankerlər və neftayırma zavodları ilə bağlı problemlər həll olunmasa bu proses sürətlənəcək. OPEC-in hasilatın azaldılması razılaşmasını yerinə yetirən Rusiya hazırda gündə 8,9 milyon barrel neft hasil edir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   neft   azalma  





Xəbər lenti