WP: "İsrail İrana qarşı hücuma hazırlaşır"

      WP:    "İsrail İrana qarşı hücuma hazırlaşır"
  13 Fevral 2025    Oxunub:381
"Kəşfiyyat məlumatlarına əsasən, İsrail yay aylarınadək İranın nüvə obyektlərinə qarşı genişmiqyaslı hücum həyata keçirməyi planlaşdırır".
Bu barədə "The Washington Post" (WP) qəzeti ABŞ-nin xarici kəşfiyyat agentliyinin (CIA) hesabatlarına istinadən məlumat yayıb. "The Wall Street Journal" qəzeti də oxşar xəbər yayımlayıb. Kəşfiyyat hesabatlarında vurğulanır ki, İsrailin bir addımı regionda daha geniş müqayisə riski yaradacaq:

"Sözügedən hücum, şübhəsiz ki, İranın nüvə proqramını ciddi mənada sarsıdacaq, regionda gərginliyi artıracaq".

Məlumata görə, hesabatlar arasında ABŞ Birləşmiş Qərargahının Kəşfiyyat İdarəsi və Müdafiə Kəşfiyyat Agentliyinin (DIA) "proqnoz"u xüsusi diqqət çəkir. Bu hesabatda xəbərdarlıq verilir ki, İsrailin İranın "Fordo" və "Nətənz" nüvə obyektlərinə hücum cəhdi istisna deyil.

Qəzet yazır ki, Ağ Ev, habelə CIA və digər kəşfiyyat orqanları, eyni zamanda, İsrail hökuməti bu xəbərə şərh verməkdən imtina edib. Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Brayn Hyuz qəzetə yalnız bildirib ki, ABŞ Prezidenti Donald Tramp "İranın nüvə silahı yaratmasına imkan verməyəcək".

"Prezident ABŞ-nin İranla uzunmüddətli problemlərinin sülh yolu ilə həlli məqsədilə danışıqlara üstünlük verir, amma İran razılığa gəlmək istəməsə, o, çox da səbirli davranmayacaq", - sözçü deyib.
Əraqçi: "Nüvə obyektlərinə hücum Yaxın Şərqi fəlakətə sürükləyər" - VİDEO

Xatırladaq ki, yanvarın 28-də İranın xarici işlər naziri Abbas Əraqçi Britaniyanın "Sky News" telekanalına müsahibəsində İsrailin mümkün hücumuna eyham vuraraq söyləmişdi ki:

"İsrail və ABŞ "həqiqətən dəli" olmalıdırlar ki, İranın nüvə obyektlərinə zərbə endirmək istəsinlər. Əslində, düşünmürəm ki, bu cür çılğıncasına işi görsünlər. Axı bu bütün regionu çox ağır fəlakətə gətirib çıxara bilər".

Digər tərəfdən, ABŞ Prezidenti Donald Trampın Ağ Evə qayıdışı fonunda İsrail ümidvardır ki, o, İranın nüvə obyektlərinə hücumu dəstəkləyəcək, hətta gözlənilən hücumu birbaşa ABŞ həyata keçirəcək. Hərçənd seçki kampaniyası dövründə İrana qarşı "ciddi tədbir" görəcəyinə eyham vuran Tramp açıq-aydın söyləyib ki, Tehranın nüvə probleminin diplomatik yolla həllinə tərəfdardır.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   İran   İsrail   münaqişə  





Xəbər lenti