Tramp: "Səbrimiz tükənir"

      Tramp:    "Səbrimiz tükənir"
  10 Fevral 2025    Oxunub:548
"Şənbə günü HƏMAS terror təşkilatı tərəfindən azadlığa buraxılan üç israilli əsir (Eli Şarabi, Or Levi and Ohad Ben Ami - red.) necə də cılız və zəif görünürlər; elə bil Holokost dəhşətindən sağ qurtulublar".
Bu sözləri ABŞ Prezidenti Donald Tramp ötən gün "Air Force One" təyyarəsində jurnalistlərə açıqlamasında dilə gətirib. O, əsirlərin acınacaqlı vəziyyətinə görə kədərləndiyini bildirib.

"Belə bir vəziyyətə daha nə vaxtacan dözəcəyik, bilmirəm. Onlar, deyəsən, bir aydır yemək yeməyiblər. Necə də arıqlayıblar. Halbuki cəmi bir neçə il əvvələdək tamamilə sağlam adamlar idilər. Bu gün onlara baxanda isə elə bilirsən ki, 25 yaş qocalıblar. Sanki Holokostdan sağ çıxanların köhnə şəkillərinə bənzəyirlər. Vəhşicəsinə, amansızcasına rəftara məruz qalıblar. Bu yolverilməzdir. Bu cür halda necə səbirli qalasan?! Gec-tez səbrimiz tükənəcək", - Tramp vurğulayıb.

(HƏMAS-ın şənbə günü azadlığa buraxdığı üç İsrail vətəndaşı: aşağı sırada əsirlikdən qabaq, yuxarı sırada əsirlikdən sonra)

Xatırladaq ki, yanvarın 19-da İsrail ilə Fələstinin HƏMAS terror təşkilatı arasında üçmərhələli atəşkəs və əsir mübadiləsi üzrəs saziş qüvvəyə minib. Sazişə əsasən, HƏMAS Qəzzada əsir saxladığı əsirləri: İsrail və digər ölkələrin vətəndaşlarını hissə-hissə sərbəst buraxır.

Digər tərəfdən, Donald Tramp ötən günlərdə "Qəzza zolağının xarabalığa, təhlükəli zonaya çevrildiyi" arqumentini irəli sürərək, sakinlərin təhlükəsiz ərazilərə, əsasən də Misir və İordaniyaya köçürülmələrinin vacibliyini vurğulayıb. Bu təklif istər regional qüvvələr, istərsə də regiondan kənardakı ölkələr tərəfindən birmənalı qarşılanmayıb. O, İsrailin Baş naziri Benyamin Netanyahu ilə Vaşinqtonda birgə mətbuat konfransında isə təklifini daha da irəliyə apararaq, Qəzza üçün xüsusi planını diqqətə çatdırıb.
İsrail fələstinliləri Qəzzadan köçürür

"ABŞ Qəzza zolağını nəzarətə götürəcək, orada görəcəyimiz işlər var. Belə ki, bütün partlamamış bombaları və digər silahları aradan qaldıracaq, xarabalıqları təmizləyəcək, qaydasına salacaq, əhali üçün qeyri-məhdud ev və iş yerləri yaradıb iqtisadi inkişafa çatacağıq", - Tramp vurğulayıb.

ABŞ liderinin planı istər İsraildə, istərsə də ABŞ-də müsbət qarşılanıb. İsrailin Baş naziri Benyamin Netanyahu sözügedən planı "yaxşı fikir" kimi qiymətləndirib. Digər tərəfdən, Fələstin Muxtariyyəti və HƏMAS terror təşkilatı, eyni zamanda, bir sıra Avropa ölkəsi, o cümlədən Fransa belə bir plana etiraz bildirib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   Qəzza   əsirlər   reaksiya  





Xəbər lenti