Hoces Ukraynanı NATO-ya və Aİ-yə qəbul etməyə çağırıb

   Hoces Ukraynanı NATO-ya və Aİ-yə qəbul etməyə çağırıb
  07 Fevral 2025    Oxunub:321
Rusiyanın növbəti təcavüzünün qarşısını almaq üçün Ukrayna NATO və Avropa İttifaqına (Aİ) qəbul edilməlidir.
AzVision.az Almaniyanın “Deutsche Welle” nəşrinə istinadən xəbər verir ki, istefada olan general, ABŞ-nin Avropadakı qüvvələrinin keçmiş komandanı Ben Hocesin “Europäische Sicherheit & Technik” jurnalı üçün yazdığı məqalədə belə deyilir.

Onun fikrincə, Ukraynaya qarşı işğalçı müharibəsi və bütün Avropaya təcavüzü ilə Rusiya hazırda qısamüddətli perspektivdə birinci və ən təhlükəli təhdiddir”. Digər təhlükələr isə Çin, İran və Şimali Koreyadır.

Hoces iddia edir ki, Putinin Ukraynaya qarşı müharibəsi Rusiya iqtisadiyyatını xarabalığa çevirib və rus hərbçilərinin əksəriyyəti özünün bacarıqsız və korrupsioner olduğunu göstərir. Bu baxımdan, o, Rusiya üzərində qələbənin detallarını da sadalayır.

“Qələbə Rusiya hərbi qüvvələrini Ukraynanın beynəlxalq səviyyədə tanınmış 1991-ci il sərhədlərinə geri itələmək deməkdir. Bəli, bura Krım da daxildir. Qələbə həmçinin oğurlanmış on minlərlə ukraynalı uşağın geri qaytarılmasını, Rusiyanın Beynəlxalq Cinayət Məhkəməsində (BCM) hərbi cinayətlərə görə cavabdeh olmasını, Ukraynanın bərpası üçün Rusiya vəsaitlərindən istifadə etməsini və Ukraynanın NATO-ya daxil olmasını da əhatə edir”, - istefada olan general yazır.

Ben Hoces bildirir ki, əgər qlobal Qərb, xüsusən də ABŞ, Almaniya, Böyük Britaniya və Fransa birlikdə hərəkət etsə, Ukraynanın həqiqətən də bu müharibədə qalib gələcəyinə nikbin yanaşır. Amma Ukrayna hərbi müdafiə kampaniyasını uduzsa, onda Rusiyanın ənənəvi vasitələrdən istifadə etməklə NATO ölkələrinə qarşı hücuma keçəcəyi riski artacaq. O, eyni zamanda, ABŞ-nin keçmiş prezidenti Co Baydenin siyasətini kəskin tənqid edir.

- Bayden Amerika xalqına Ukraynanın işğalçı Rusiyanı məğlub etməsinin bizim strateji maraqlarımıza uyğun olduğunu izah edə bilmədi. Bu, ardıcıl olmayan ziddiyyətli siyasətin həyata keçirilməsinə və Ukraynaya damla-damla dəstək verilməsinə gətirib çıxardı”, - Ben Hoces Ağ Evin əvvəlki adminisrtasiyasında narazılığını açıq-aşkar bildirib.

Keçmiş general Ukraynanın ABŞ və ya digər dövlətlər tərəfindən qoyulan məhdudiyyətlərə rəğmən, Rusiyanın dərinliklərində yerləşən hədəflərə hücum edə bilməli olması zərurətini vurğulayıb.

Onun iddiasına görə, 2025-ci il “sənaye rəqabəti ili” olmalıdır və “Qərbin iqtisadi qüdrətinin Rusiyadan qat-qat böyük olduğunu nəzərə aldıqda” Qərb Ukrayna ilə birlikdə bu yarışda Rusiyaya qalib gələ bilər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Hoces   Ukrayna   NATO    





Xəbər lenti