Ukraynanın nə qədər nadir metallar ehtiyatı var?

   Ukraynanın nə qədər nadir metallar ehtiyatı var?
  04 Fevral 2025    Oxunub:266
Kiyevə maliyyə və hərbi yardım qarşılığında Ukraynanın nadir metallar yataqlarında birgə hasilat üçün Vaşinqtonun zəmanət gözlədiyi barədə ABŞ prezidenti Donald Trampın verdiyi bəyanat Ukraynada hansı nadir metalların və onların hansı məbləğdə olması sualını aktuallaşdırıb.
AzVision.az xəbər verir ki, Donald Tramp nadir yeraltı metalların mübadiləsi şərti ilə Vaşinqtonun Kiyevə silah verəcəyini bəyan edib. Çünki ABŞ milyonlarla dollar sərmayə qoyur və bunun müqabilində də Ukrayna nadir minerallar tədarük etməlidir.

Əslində bu “mübadilə” yalnız Donald Trampın təşəbbüsü deyil. Ukrayna prezidenti Volodimir Zelenski hələ seçkilərdən əvvəl Trampın komandasına nadir mineralların birgə istehsalı təklifini verib. Ukrayna prezidenti 2024-cü ilin oktyabrında resurs hasilatı ilə bağlı müdəanın ehtiva olunduğu “qələbə planı”nı respublikaçılara təqdim edib. Sonradan Zelenskinin ofisinin müşaviri Mixail Podolyak İtaliyanın “La Repubblica” Vaşinqtonla danışıqlarda litium və titan yataqlarından söhbət getdiyini təsdqiləyib.

“New York Times (NYT)” nəşri, öz növbəsində, Ukrayna ilə nadir metalların hasilatı barədə danışıqların əvvəllər Bayden administrasiyası tərəfindən aparıldığını yazıb.

“Razılaşma artıq hazır olsa da, Zelenski sənədin imzalanmasını iki dəfə təxirə salıb. Trampa sövdələşməni təqdim etmək və bunu Ağ Evin yeni administrasiyasının erkən qələbəsi kimi qələmə vermək üçün Zelenskinin bu addımı atdığı da ehtimal olunur”, - xəbərdə bildirilir.
Beləliklə, Kiyev Trampa ABŞ-nin dəstəyini nadir resurslarla ödəməyə hazır olduğu mesajını verib.

Ukraynanın yeraltı nadir sərvətləri
Avropanın ən böyük yeraltı sərvətlər ehtiyatlarına malik olan Ukraynanın həqiqətən də hərbi dəstək müqabilində ABŞ-yə təklif edəcəyi varidatı var.

“UNIAN” agentliyinin məlumatına görə, “Forbes” jurnalının Ukrayna bölməsi 2023-cü ildə ölkədəki mineral ehtiyatları 15 trilyon dollar səviyyəsində dəyərləndirib. Bu məbləğin 2/3-dən çoxu Donbass və Dnepropetrovsk vilayətlərindəki nadir metallar ehtiyatlarının payına düşür.
“Dixi Group” beyin mərkəzinin nadir yeraltı metallar barədə hazırladığı xəritədə Ukraynanın şərqində stronsium, mərkəzində sirkonium, qərbində skandium, şimalında berillium və cənubunda litium yataqları göstərilir. İlkin hesablamalara görə, litium ehtiyatları 500 min ton təşkil edir.


Əvvəllər Ukraynanın Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər nazirliyi “kritik xammal”ın bütün dünya ehtiyatlarının 5%-nin, o cümlədən ölkədə 17 nadir yeraltı metal ehtiyatlarının aşkar edildiyi barədə məlumat yayıb.

ABŞ Ukraynanın sərvətinə göz dikib
Donald Trampın məlum açıqlamasından sonra Ukrayna mediası hazırda bu yataqların əhəmiyyətli hissəsinin Rusiyanın nəzarəti altında olduğuna diqqət çəkib.
Amerikanın “OilPrice” portalı isə yanvar ayında Kiyevin dörd litium yatağından ikisinə nəzarəti itirdiyini bildirib.

Həmçinin, Kanadanın geosiyasi risklərin öyrənilməsi üzrə “SecDev” şirkətinin məlumatlarına istinadən “The Washington Post (WP)” qəzetində 2022-ci ilin avqustunda dərc edilmiş məqalədəki rəqəmləri Ukraynanın “Suspilne” nəşri yenidən gündəmə gətirib.

Ekspertlərin fikrincə, Rusiyanın nəzarətinə keçən Ukraynanın enerji, metal və mineral ehtiyatlarının dəyəri 12,4 trilyon dollar civarındadır. Hələ 2022-ci ildə Rusiya Ukraynanın kömür yataqlarının 63%, neft yataqlarının 11%, təbii qaz yataqlarının 20%, metal yataqlarının 42% və nadir yeraltı və digər mühüm minerallarının, o cümlədən litium yataqlarının 33%-nin cəmləşdiyi əraziləri ələ keçirib. 2025-ci ilə vəziyyət Ukraynanın ziyanına daha da çətinləşib.

Əvvəllər Kiyevin nəzarətində olan yeraltı sərvətlərin əhəmiyyətli hissəsinin indi Rusiyanın nəzarəti altına keçmiş ərazilərdə cəmləşməsi təkcə Ukraynanın deyil, həm də Avropa İttifaqının (Aİ) iqtisadiyyatına zərbə vurur. Nadir yeraltı elementlər, kömür və neft təkcə ABŞ-ni deyil, Aİ-ni də maraqlandırır.

Keçən ay Milli təhlükəsizlik üzrə ekspert və “Ecological Futures Group” şirkətinin təsisçisi Rod Şunover yeraltı sərvətlərə malik Ukraynanı Aİ üçün “perspektivli tərəfdaş” kimi qiymətləndirib.

“Nəzarət bərpa olunarsa, bu ehtiyatlar vacib olan kritik minerallar baxımından nəhayət Avropanın strateji müstəqilliyinin əsasını təşkil edə bilər”, - ekspert vurğulayıb.

Nadir yeraltı mineralların tədarükündə maraqlı olan ABŞ-nin Cənubi Karolinanı təmsil edən respublikaçı senatoru Lindsi Qrem də ötən ay “Fox News” telekanalına mesahibəsində “Bu müharibə pul uğrundadır” ifadəsini boş yerdən işlətməyib.


Donald Trampın müttəfiqi bildirib ki, ABŞ prezidenti Kiyevə hərbi yardım üçün nəhəng maliyyə sərmayələrini qaytarmaq və “nadir yeraltı minerallardan varlanmaq” üçün Ukrayna ilə razılaşma balamaq niyyətindədir. Lindsi Qremin iddiasına görə, Ukrayna və ABŞ üçün yaxşı olan bu sazişlə Tramp sülhü bərqərar etməyə hazırlaşır.

Sahil İsgəndərov
AzVision.az




Teqlər:   Ukrayna   sərvətlər   Tramp  





Xəbər lenti