ABŞ-Çin tarif müharibəsi Avropada birja indekslərini sarsıdır

   ABŞ-Çin tarif müharibəsi Avropada birja indekslərini sarsıdır
  04 Fevral 2025    Oxunub:359
ABŞ Prezidenti Donald Trampın Kanada, Meksika və Çindən idxal məhsullar üçün tarifləri artırması fonunda Avropanın "STOXX Europe 600" birja indeksi 0,3 faiz azalıb.
"Reuters" xəbər agentliyinin məlumatına görə,"STOXX Europe 600 Financial Services" indeksi isə 1,2 faiz azalma ilə İsveçrənin "UBS" investisiya bankında 5,1 faizə düşüb. Bankın baş icraçı direktoru Sercio Ermotti söyləyib ki, artan kapital tələbləri səhmdarların gəlirlərinə zərər verə bilər.

Dünyada ən yaxşı spirtli içki istehsalçısı sayılan Britaniyanın "Diageo" şirkətinin səhmləri də 3,6 faiz ucuzlaşıb. Belə ki, ABŞ tariflərinin Meksika tekilasına və Kanada viskisinə təsirini azaltmağa çalışan şirkət orta müddətli üzvi satış üzrə artım hədəfini geri götürüb. Eyni zamanda, "STOXX Europe 600"ün qida və içki indeksi də 0,9 faiz azalıb.

Enerji sahəsinə gəlincə, ABŞ-nin Çin üçün yeni tariflərinin qüvvəyə minməsi nəticəsində xam neftin qiyməti ucuzlaşıb, enerji indeksi 0,8 faiz azalıb.

ABŞ-nin "tarif müharibəsi" çərçivəsində telekommunikasiya sektoru da 0,8 faiz azalma ilə üzləşib. Bu çərçivədə Britaniyanın "Vodafone" telekommunikasiya şirkəti 5,6 faiz zərərə uğrayıb. Tarif artımı videooyun bazarına da təsirsiz ötüşməyib. Məsələn, İsveçin "Embracer" videooyun istehsalı şirkətinin səhmləri 43,4 faiz ucuzlaşıb.
Makron: "Aİ Trampın tarif müharibəsinə reaksiya verəcək"

Xatırladaq ki, Donald Tramp son günlər Kanada, Meksika və Çindən idxala əlavə rüsumlar qoyulması, tariflərin artırılması ilə əlaqədar verdiyi qərarlarla bütün dünyada etirazlar doğurub. Belə ki, adıçəkilən ölkələrdən əlavə Avropa İttifaqında, habelə ABŞ daxilində onun bu qərarlarına qarşı tədbirlər görülür.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   Avropa   təsir   səhmlər  





Xəbər lenti