5 ərəb ölkəsi Trampın planının əleyhinədir

   5 ərəb ölkəsi Trampın planının əleyhinədir
  04 Fevral 2025    Oxunub:365
Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ, Qətər, Misir və İordaniyanın Xarici İşlər nazirləri, həmçinin Fələstin Muxtariyyətinin başçısı Hüseyn əl-Şeyxin müşaviri ABŞ-nin Dövlət katibi Marko Rubioya məktub göndərərək, Amerika prezidenti Donald Trampın Qəzza zolağının sakinlərini köçürmək planlarına qarşı çıxıblar.
AzVision.az xəbər verir ki, Amerikanın “Axios” nəşrinin məktubdan gətirdiyi sitatda Yaxın Şərqin artıq dünyada ən çox köçkün və qaçqınla yükləndiyi bildirilir.

Məktubda, hətta müvəqqəti də olsa, əhalinin növbəti yerdəyişməsinin regional sabitlik üçün riski artırmaması üçün ayıq-sayıq olmaq zərurəti vurğulanır. Çünki bu, bütövlükdə regionda radikallaşma və iğtişaş riskini artırır.

“Fələstinlilər öz torpaqlarında yaşayacaq və onun yenidən qurulmasına kömək edəcəklər. Yenidənqurma zamanı onlar səsindən məhrum edilməməli və beynəlxalq ictimaiyyətin dəstəyi ilə prosesə görə məsuliyyət daşımalıdır. Fələstinlilər öz torpaqlarını tərk etmək istəmirlər. Biz onların mövqeyini qeyd-şərtsiz dəstəkləyirik. Belə bir addım münaqişəyə təhlükəli yeni bir çalar əlavə edərdi”, - 5 ərəb ölkəsinin XİN rəhbərlərinin məktubunda vurğulanır.

İran XİN: "Trampın qəzzalılarla bağlı planı etnik təmizləmədir"
Müraciətdə həmçinin bildirilir ki, bu problemin ən yaxşı həlli yolu İsrail və Fələstinlilərin təhlükəsizliyini təmin edəcək iki dövlətli plandır.

“Axios” məktubun ABŞ Dövlət departamentinə fevralın 3-də beş ərəb ölkəsinin səfirlərinin çatdırdığını yazıb.

Xatırladaq ki, bir neçə gün əvvəl “Qəzza zolağının xarabalığa, təhlükəli zonaya çevrildiyi” iddiasını irəli sürən ABŞ prezidenti Donald Tramp sakinlərin təhlükəsiz ərazilərə, əsasən də Misir və İordaniyaya köçürülmələrinin vacibliyini vurğulamışdı.

Sahil İsgəndərov
AzVision.az




Teqlər:   Tramp   fələstinlilər   etiraz  





Xəbər lenti