Tramp: "Qəzzada atəşkəsin davamlı qalacağına əmin deyiləm"

      Tramp:    "Qəzzada atəşkəsin davamlı qalacağına əmin deyiləm"
  21 Yanvar 2025    Oxunub:351
"Düzü, əmin deyiləm ki, Qəzza zolağında atəşkəs və əsir mübadiləsi üzrə razılaşma hər üç mərhələdə qüvvədə qalacaq".
Bu sözləri ABŞ-nin yeni Prezidenti Donald Tramp Ağ Evin Oval Ofisində sərəncamlar imzalayarkən jurnalistlərin sualına cavabında dilə gətirib. Müxbirin "Qəzzada atəşkəs rejimini qoruyub saxlaya biləcəyinizə əminsinizmi?" sualına o belə cavab verib:

"Bu bizim yox, onların (İsrail və HƏMAS - red.) müharibəsidir. Əmin deyiləm, ancaq düşünürəm ki, hər iki tərəf çox zəifləyib".

Tramp müxbirin Qəzzanın bərpası və bu prosesə ABŞ-nin mümkün dəstəyi ilə bağlı sualını da özünəməxsus şəkildə cavablandırıb:

"Hazırda Qəzza böyük xarabalığa bənzəyir, 15 aylıq müharibənin nəticəsində yenidən qurulmalıdır. Qəzza Aralıq dənizi sahilində ən yaxşı hava şəraitinə malik fenomenal ərazidir. Ora gözəl, fantastik işlər həyata keçirilə bilər. Yenidənqurma prosesinə, bəlkə, dəstək verə bilərik".

Yeni ABŞ lideri Qəzza zolağının postmüharibə dövründə kimin idarəsində qalması barədə də öz fikrini bildirib. O vurğulayıb ki, HƏMAS-a qətiyyən imkan verilə bilməz.

"Onsuz da, idarəçiliyi indiyədək düz-əməlli yerinə yetirmədilər. Üstəlik, çoxusu ölüb. "7 oktyabr" dövründə prezident olsa idim, HƏMAS məlum hücumunu həyata keçirə bilməzdi, çünki (himayəçisi - red.) İran maksimum təzyiqli sanksiyalar rejiminə görə "sındırılardı", - Tramp söyləyib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Qəzza   atəşkəs   ABŞ   Tramp  





Xəbər lenti