ABŞ-nin yeni Dövlət katibi müəyyənləşib

   ABŞ-nin yeni Dövlət katibi müəyyənləşib
  21 Yanvar 2025    Oxunub:401
ABŞ Senatı Dövlət Departamentinin yeni rəhbəri kimi Prezident Donald Trampın namizədi, keçmiş Florida senatoru Marko Rubionu 99-0 səslə təsdiqləyib.
ABŞ-nin yeni baş diplomatı, 53 yaşlı Marko Rubio 2006-2008-ci illərdə Florida Nümayəndələr Palatasının spikeri vəzifəsində çalışıb. 2011-ci ildə senator, habelə Senatın xarici əlaqələr və kəşfiyyat komitələrinin üzvü seçilib.

O, Ağ Evə qayıdan Prezident Donald Trampın kabinetinə namizədlər arasında Senat tərəfindən təsdiqlənən ilk şəxsdir. Trampın digər namizədləri ilə bağlı səsvermələrin də bu həftə keçirilməsi gözlənilir.

ABŞ-yə Kubadan gələn mühacir ailənin oğlu Rubio öz "vətən"inə - kommunist ada dövlətinə, habelə onun müttəfiqlərinə, o cümlədən Venesuela Prezidenti Nikolas Maduronun hökumətinə qarşı sərt tədbirlərin görülməsinə tərəfdardır. O, eyni zamanda, Çinin qatı tənqidçisi, İsrailin isə müdafiəçisidir. Rubio Ukraynada müharibənin başa çatdırılmasını da Vaşinqton üçün prioritet məsələ sayır.

Marko Rubio həmçinin ABŞ Dövlət Departamentinin ilk ispanəsilli rəhbəridir.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   Dövlət-katibi   təyinat  





Xəbər lenti