Rumıniyada minlərlə insan etiraz aksiyasını çıxıb

   Rumıniyada minlərlə insan etiraz aksiyasını çıxıb
  13 Yanvar 2025    Oxunub:403
Buxarestdə “Rumınların Birlik Alyansı” Partiyasının təşkilatçılığı ilə “Demokratiya naminə mitinq” şüarı altında kütləvi etiraz aksiyası keçirilib.
AzVision.az bu barədə məlumat yayan “Agerpres” agentliyinə istinadən xəbər verir ki, etirazçılar ötən ilin noyabrında keçirilmiş prezident seçkilərinin nəticələrinin ləğvi barədə Konstitusiya Məhkəməsinin (MK) çıxardığı qərarın ləğvini tələb ediblər. “Rumınların Birlik Alyansı” Partiyasının lideri Corc Simionun sözlərinə görə, 10 saatdan çox davam edən mitinqə 100 minə yaxın insan qatılıb. Etirazçılar hökumət binasına və prezident iqamətgahına doğru yürüş təşkil ediblər.

“Reuters” agentliyinin məlumatına görə, nümayişçilər ölkənin hazırkı prezidenti Klaus Yohannisin istefasını tələb ediblər. Onun səlahiyyətləri rəsmi olaraq dekabrın 21-də başa çatsa da, varisinin adı müəyyən olunana qədər dövlət başçısı vəzifəsində qalır.

Rumıniyanın prezidenti seçilə biləcək şəxs Putinin pərəstişkarıdır
Xatırladaq ki, dekabrın 6-da Rumıniyanın Konstitusiya Məhkəməsi ölkədə keçirilmiş prezident seçkilərində səsvermənin birinci turunun nəticələrini etibarsız elan edib. Bu nəticələrə görə, ifrat sağçı rusiyayönlü siyasətçi Kelin Corcesku 23% səs toplayıb və ikinci turda sağ mərkəzçi Yelena Laskoni ilə prezidentlik uğrunda mübarizə aparmalı idi.

Nəticələrin ləğvi barədə qərar Rumıniya prezidentinin ofisinin seçkilərə Corceskunun xeyrinə təsir edildiyinə dair kəşfiyyat məlumatlarına malik olduğunu bildirməsindən sonra verilib. Digər məqamlar arasında, “Tik-Tok” video platformasında “manipulyasiya olunmuş” təsir göstərənlərin partizan kampaniyası, həmçinin 85 mindən çox kiberhücumun qeydə alındığı göstərilib.

Ölkə kəşfiyyat Rumıniyanın kiberhücumlar, informasiya sızması və təxribat da daxil olmaqla Rusiyanın “aqressiv” hibrid fəaliyyətlərinin hədəfi olduğunu bildirib. Avropa İttifaqı (Aİ) iddia edilən manipulyasiya ilə bağlı araşdırmaya başlayıb.

Hakim koalisiyaya daxil olan “Sosial Demokrat Partiyası”, “Milli Liberal Partiyası” və “Macarların Demokratik İttifaqı”nın liderləri prezident seçkilərinin birinci turunun mayın 4-də yenidən keçirilməsinə qərar veriblər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Rumıniya   mitinqlər  





Xəbər lenti