Şolz Ukraynaya hərbi yardım təşəbbüsünü rədd edib
“Almaniyanın Müdafiə nazirliyinin tərtib etdiyi yardım paketinə üç “IRIS-T” hava hücumundan müdafiə (HHM) sistemi, “Patriot” zenit-raket kompleksləri üçün mərmi və raketlər, 10 ədəd təkərli haubitsa və artilleriya sursatları daxildir. Bu yardım üşün lazım olan vəsait indiki parlamentin Büdcə Komitəsi tərəfindən büdcədə planlaşdırılmamış xərclər kimi təsnif edilməli idi. Büdcə Komitəsinə müraciətdə nazirlər Kiyevin döyüş mövqeyinin son aylarda pisləşdiyinə, həmçinin Donald Tramp Ağ Evə qayıdandan sonra ABŞ-nin gələcək dəstəyinin qeyri-müəyyən perspektivlərinə diqqət çəkiblər”, - qəzetdə dərc olunan materialda vurğulanır.
Lakin Şolzun ofisi kanslerin bu təşəbbüsü dəstəkləmədiyini açıq şəkildə bildirib. “Der Spiegel” nəşrinin fikrincə, kansler “gələcək federal hökumətlə qarşı-qarşıya gəlmək istəmir” və “təcili addım atmağa ehtiyac görmür”. Kanslerin ofisi hesab edir ki, bu il Almaniya Ukraynanı dəstəkləmək üçün kifayət qədər vəsait ayıracaq - təxminən 4 milyard avro. Bundan əlavə, Kiyev Rusiyanın dondurulmuş aktivlərindən əldə olunacaq mənfəət hesabına ABŞ və Avropa İttifaqından (Aİ) 50 milyard dollar məbləğində kredit alacaq.
- Almaniya Sosial Demokrat Partiyasının (ASDP) nümayəndələrinin dediyinə görə, yəqin Şolz seçki kampaniyasının ortasında Ukraynaya növbəti silah yardımını elan etmək istəməir, çünki bu, partiyanın potensial seçicilərini ondan uzaqlaşdıra bilər. Yaşıllar Partiyası isə daha çox müdafiə xərcləri tələbini irəli sürməklə özünə tərəfdarlar cəlb edir”, - “Der Spiegel” qəzeti yazır.
Ukraynaya hərbi-maliyyə dəstəyi məsələsində digər avropalı həmkarlarından daha ehtiyatlı davranan Almaniya kansleri Olaf Şolzun öz hökumətinin iki nazirinin təşəbbüsüsnə qarşı çıxması heç də təsadüfi deyil. Belə ki, kollektiv Qərbin, ilk növbədə isə Vaşinqtonun sərt tələbləri və təzyiqləri altında Rusiyadan ucuz karbohidrogen ehtiyatlarının alışını dayandıran Almaniyanın iqtisadiyyatı özünün tənəzzül dövrünü yaşayır. Vəziyyət hətta o yerə çatıb ki, Almaniyanın məşhur avtokonsernləri iş yerlərinin ixtisarına başlayıblar. Bu baxımdan, ölkə büdcəsinə böyük məbləğdə vergilər ödəyən nəhəng şirkətlər Almaniya hökumətinə ciddi təzyiq göstərirlər ki, kansler Olaf Şolz da belə reallıqları nəzərə almaq məcburiyyəti ilə üzləşib.
Sahil İsgəndərov
AzVision.az