Vaşinqton Moskvanı ittiham edir

   Vaşinqton Moskvanı ittiham edir
  07 Yanvar 2025    Oxunub:505
Rusiya siyasi və iqtisadi məqsədlərinə çatmaq üçün Sudanda 2023-cü ildə başlayan vətəndaş qarşıdurmasının hər iki tərəfini maliyyələşdirir.
AzVision.az xəbər verir ki, ABŞ-nin BMT-dəki səfiri Linda-Tomas Qrinfildin fiukrincə, Rusiya Sudanda baş verənlərə görə qismən məsuliyyət daşıyır, çünki noyabrda BMT Təhlükəsizlik Şurasının (TŞ) bu ölkədə atəşkəslə bağlı qətnamə layihəsinə veto qoyub.

Rusiyanın BMT-dəki nümayəndəsi Dmitri Polyanski bunu Böyük Britaniyanın təqdim olunan sənəd vasitəsilə “Sudanın işlərinə müdaxilə və gələcək siyasi-sosial mühəndislik imkanlarını özündə saxlamaq” istədiyi ilə izah edib. Lakin TŞ-nin qalan 14 üzvü qətnamənin qəbul edilməsini dəstəkləyib.

“Rusiya sənədin qəbul edilməsinə mane olmaq qərarına gəldi: mülki insanları riskə atmaq üçün təkbaşına səs verdi, eyni zamanda münaqişənin hər iki tərəfini maliyyələşdirdi - bəli, mən məhz bunu dedim: hər iki tərəfi”, - Tomas-Qrinfild fövqəladə BMT TŞ-nin Sudanda mülki şəxslərin müdafiəsi mövzusunda keçirdiyi təcili iclasında deyib.

ABŞ-nin BMT-dəki missiyasının rəhbəri öz mövqeyini daha ətraflı izah etmək sorğusuna cavab olaraq qeyd edib ki, Vaşinqton Rusiyanın “Sudanda qızıl ticarətində davamlı marağından” xəbərdardır. Xanım Thomas-Qrinfild “istər qeyri-qanuni qızıl ticarəti, istərsə də hərbi texnikanın tədarükü” məsələsində Birləşmiş Ştatların müharibə edən tərəflərə istənilən maliyyə dəstəyini pislədiyini vurğulayıb.

Sudanda müharibə 2023-cü ilin aprelində ölkənin silahlı qüvvələri ilə hərbiləşdirilmiş Çevik Reaksiya Qüvvələri (RSF) arasında mülki idarəçiliyə planlı keçid ərəfəsində hakimiyyət uğrunda mübarizə zamanı başlayıb. Münaqişə dünyanın ən böyük humanitar böhranına səbəb olub.

Xatırladaq ki, ABŞ başda olmaqla kollektiv Qərb 2011-ci il iyulun 9-da vahid Sudan dövlətinin iki hissəyə - zənc tayfalarının yaşadığı Cənubi Sudan Respublikasına və ərəblərin məskunlaşdığı Sudan ölkəsinə parçalanması ssenarisini həyata keçirdi. Bu zaman ölkənin neft-qaz ehtiyatları ilə zəngin olan cənub hissəsi məhz Cənubi Sudana verildi. Bəzi ekspertlər, Qərbin hazırda müsəlman ərəblərin məskunlaşdığı Sudanın da konfessional mənsubiyyət üzrə bölməyə çalışdığını iddia edirlər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Rusiya   Sudan  





Xəbər lenti