ABŞ İranın neft sektoruna növbəti zərbə endirib

ABŞ İranın neft sektoruna    növbəti zərbə    endirib
  12 Oktyabr 2024    Oxunub:285
Amerika administrasiyası İran neftinin ticarəti və daşınması ilə məşğul olmaqda şübhəli bildiyi 16 hüquqi şəxsi və 23 tankeri sanksiya siyahısına əlavə edib.
AzVision.az xəbər verir ki, ABŞ-nin Dövlət katibi Antoni Blinkenin Dövlət departamentinin saytında yerləşdirilən bəyanatında belə deyilir.

Blinken qeyd edib ki, məhdudiyyətlərin məqsədi İranın nüvə proqramını və raket inkişafını maliyyələşdirmək, eləcə də Yaxın Şərqdə münaqişələri qızışdırmaq üçün istifadə etdiyi gəlir axınını pozmaqdır.

“Eyni zamanda, Xəzinədarlıq departamenti Dövlət departamenti ilə koordinasiyalı şəkildə İran iqtisadiyyatının neft və ya neft-kimya sektorunda iştirak edən istənilən quruma qarşı sanksiyaların tətbiqinə səbəb olacaq sərəncam verir”, - ABŞ-nin Dövlət katibi vurğulayıb.

Amerika Maliyyə nazirliyinin yaydığı sənədlərə əsasən, sanksiyalar Çin, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ, Malayziya, Panama, Liberiya, Surinam və Marşal adalarından olan şirkətlərə qarşı tətbiq edilib. Vaşinqtonun qara siyahısına Malayziya, Barbados, Beliz, Kamerun, Kuk adaları, Palau, Panama, Sent Kitts və Nevis, Sao Tome və Prinsipi və Esvatini bayraqları ilə üzən gəmiləri düşüblər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   İran   sanksiyalar  





Xəbər lenti