Yanacağın qiyməti necə tənzimlənməlidir? | TƏHLİL

   Yanacağın qiyməti necə tənzimlənməlidir?    | TƏHLİL
  01 İyul 2024    Oxunub:1725
Ölkəmizdə yanacaq məhsullarının, konkret desəm, benzin ilə dizel yanacağının pərakəndə satış qiyməti sonuncu dəfə üç il bundan qabaq, yəni 2021-ci ilin yanvarın 4-də artırılmışdı. Tarif (qiymət) Şurası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında belə bir qərar qəbul etmişdi.
O vaxt SOCAR müraciətini həmin məhsulların keyfiyyətini yüksək standartlara çatdırmaq, ekoloji mühiti yaxşılaşdırmaq, neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işlərini davam etdirməklə 2022-ci ilin iyun ayınadək ölkədə “Euro-5”-ə uyğun dizel yanacağı, 2023-cü ilin eyni ayınadək isə “Aİ-92” markalı avtomobil benzini istehsalına başlamaq istəyi ilə əsaslandırılmışdı. Nəticədə o vaxt “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağı isə 80 qəpik müəyyən edilmişdi. Bununla, həm də dizeldən istifadənin ekoloji zərəri nəzərə alınaraq, daha çox benzin istehlakına keçmək üçün hər iki yanacaq arasında qiymət fərqi də azaldılmışdı.

Dizel yanacağı üzrə daha əvvəlki qiymət tənzimlənməsi sonuncu dəfə 02.12.2013-cü il, “Aİ-92” markalı benzin üzrə isə 14.07.2017-ci il tarixlərində baş tutmuşdu.

Tarif Şurasının sonuncu addımı üçün bir neçə səbəb gətirilirdi. Birincisi, ölkədə yanacaq məhsullarına tələbat artıb, üç il əvvəlki səviyyədə deyil. Cari ilin yanvar-aprel aylarında ölkə üzrə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 988 milyon 400 min manatlıq avtomobil benzini və dizel yanacağı satılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,6% çoxdur.
Bu ilin ilk dörd ayında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 5,8%-i avtomobil benzini ilə dizel yanacağına yönəlib.

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (BNEZ-də) neçə illərdir aparılan yenidənqurma və modernləşdirmə işləri nəticəsində keçən ilin mayında “Euro-5” standartlarına uyğun dizel yanacağı istehsalına başlanmışdı. İndi isə eyni standarta uyğun avtomobil benzini istehsalına başlanılır. Zavodda görülən işlər çərçivəsində bu il izomerləşdirmə və MTBE qurğusu istifadəyə verilib. Keçən il ərzində BNEZ-də 6,3 milyon ton neft emal edilib, nəticədə 1,5 milyon ton avtomobil benzini istehsal olunub. Neft emalının dərinliyi 98% (2022-ci ildə 96.3%) təşkil edib. Yəni, istehsal xərcləri və maya dəyəri artıb. Bu, ikinci səbəbdir.

Müəllifin digər yazıları:
Milli iqtisadi anomaliya: İnflyasiya ilə iqtisadi artım arasında niyə əlaqə yoxdur? | TƏHLİL
Yerli turizmin əsas problemi: Qiymətlər
Minimum əməkhaqqı: Saatlıq, yoxsa aylıq? | TƏHLİL

BNEZ-in gücü hazırda ildə 6,5 milyon ton təşkil etsə də, görülən işlər başa çatdıqdan sonra zavod ildə 2 milyon ton avtomobil benzini, 2,9 milyon ton dizel, 1 milyon ton təyyarə yanacağı, 390 min ton neft-kimya məhsulları istehsal edəcək. Layihənin tam başa çatdırılması isə 2027-ci ilə planlaşdırılır.

Üçüncüsü, dünyada gedən prosesə uyğun olaraq Azərbaycanda da elektromobillərdən istifadəni genişləndirmək siyasəti yürüdülür. Bunun üçün müxtəlif stimullaşdırıcı qərarlarla (gömrük rüsumunun və ƏDV-nin alınmaması kimi) yanaşı, benzin və dizellə işləyən avtomobillərin alışını məhdudlaşdırmaq məqsədilə addımlar atılır. Bunlardan biri isə həm də yanacağın qiymətini qaldırmaq sayılır.

Göründüyü kimi hər üç səbəb əslində, kifayət qədər əsaslıdır . Lakin məsələ bundadır ki, istənilən yanacaq məhsulunun qiymətini qaldırmaq üçün əsaslar heç də hər yerdə və həmişə həlledici rol oynaya bilməz. Əks təqdirdə sözügedən məhsul növünün qiymətlərini nəzarətdə (tənzimlənən tariflər siyahısında) saxlamağa ehtiyac qalmaz, hər şey sərbəst buraxılardı.

Yanacağın qiyməti təkcə Azərbaycan kimi iqtisadiyyatı olan ölkələrdə deyil, hər yerdə "domina effekti" rolunu oynamaq iqtidarındadır. Bu, çox ciddi məsələdir. Çünki yanacaq məhsullarının qiyməti bütün növ qida və qeyri-qida mallarının inflyasiya barometri sayılır.

Bəli, 3 ildir ölkəmizdə “Aİ-92” ilə dizelin pərakəndə satış tarifləri dəyişmir. Ona görə yox ki, buna zərurət yaranmayıb. Sadəcə, bir çox hallarda hökumət vəziyyəti nəzarətdə saxlayıb və saxlayır. Ancaq hər 3-4 ildən bir bu sahədə qiymət siyasətinə baxılıb və baxılmalıdır da.

Real şəraitin diqtəsi bundan ibarətdir ki, tarifləri növbəti dəfə nəzərdən keçirmək üçün yuxarıda qeyd olunan üç əsas səbəbdən xüsusən ikincisinə daha diqqətlə yanaşmaq lazımdır. Söhbət, ölkəmizdə də “Euro-5” standartlarına uyğun yanacaq məhsullarının istehsalına başlanmasından gedir. Keyfiyyət artdığı təqdirdə tariflər şübhəsiz, əvvəlki səviyyədə qala bilməz.

Ümumiyyətlə, bu məsələdə əsas strateji məqsəd yüksək rəqabətqabiliyyətli məhsul istehsalı olmalıdır. Bir az imkanlı avtomobil sahibləri hətta onların avtomobillərində “Aİ-92”dən istifadə edilə bilindiyi halda, nəyə görə “Aİ-95” markalı benzinə meyl edirlər?! Yüksək oktanlı olduğuna görəmi? Xeyr. Keyfiyyətinə və ölkəyə kənardan gətirildiyinə görə. Odur ki, Azərbaycanda da tezliklə keyfiyyətli, rəqabətə davamlı və ixrac qabiliyyətli benzin istehsal etmək istəyiriksə, qiymətləri əslində ümumiyyətlə, sərbəst buraxmaq lazımdır.


Pərviz Heydərov
Azvision.az üçün


Teqlər: Benzin  





Xəbər lenti