Sürətlə yüksələn Azərbaycan-İsrail əlaqələrində yeni dövr başlayır- Anatoliy Rafailovun rəyi

   Sürətlə yüksələn Azərbaycan-İsrail əlaqələrində yeni dövr başlayır-    Anatoliy Rafailovun rəyi
  26 Mart 2023    Oxunub:1251
Azərbaycan-İsrail əlaqələri həm bu iki dövlət, həm də xalqlar arasındakı möhkəm dostluq və əməkdaşlıq əsasında qurulub. Bu da xüsusi əhəmiyyət kəsb edir. İki ölkə arasında əlaqələr qarşılıqlı faydalıdır. Bu münasibətlər həm də qarşılıqlı hörmət və etimada əsaslanır və bütün sahələrdə inkişaf edir. Üstəlik, Azərbaycan-İsrail əlaqələri bu iki dövlətin həm regional, həm də beynəlxalq səviyyədə inkişafını təmin edir.
İsrailin Baş naziri Benyamin Netanyahunun 2016-cı ilin dekabrında Azərbaycana yaddaqalan səfəri baş tutmuşdu. Bu da Azərbaycanla İsrail arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığını bir daha təsdiqləyir. Səfər zamanı cənab Benyamin Netanyahu Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Onlar iki dost ölkə arasında əlaqələrin inkişafı və möhkəmləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar. İsrailin Baş naziri ikitərəfli münasibətləri “əla və mehriban dostluq əlaqələri” kimi qiymətləndirib.

Bu məqamda qeyd edək ki, hazırda Azərbaycanla İsrail arasında ikitərəfli əməkdaşlıq səhiyyə, şəhərsalma, hərbi, kənd təsərrüfatı, təhsil və turizm daxil olmaqla, bir çox sahələrdə fəal şəkildə inkişaf edir. Məlum olduğu kimi, Azərbaycan İsrailə neft tədarük edən əsas ölkələrdən biridir. İsrail isə Türkiyə ilə birlikdə Azərbaycana hərbi sənaye məhsullarını ən çox ixrac edən tədarükçülər sırasındadır. Bu, 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsində qələbə qazanmağımızda vacib rol oynayıb.

Sevindirici haldır ki, bu yaxınlarda İsraildə Azərbaycan səfirliyinin rəsmi açılışı olacaq. Əlbəttə ki, bu addım ölkələrimiz arasında münasibətlərdə yeni mərhələnin başladığını göstərir. İsraildə Azərbaycanın səfirliyinin fəaliyyət göstərməsinə böyük ehtiyac var idi. Əslində, bu ölkədə diplomatik nümayəndəliyin açılması o deməkdir ki, bundan sonra Azərbaycanla bağlı məlumatlar Yaxın Şərqin ən qüdrətli dövlətlərindən birinin – İsrailin ictimaiyyətinə daha operativ şəkildə çatdırılacaq.

Bu arada, Azərbaycanla İsrail arasında əlaqələr sarsılmazdır və dinamik şəkildə, yalnız yüksələn xətlə inkişaf edəcək, çünki bu münasibətlər hər iki dövlət üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, hər iki ölkənin böyük siyasi perspektivlər, həmçinin iqtisadi, hərbi və digər sahələrin inkişafı baxımından, bir-biri ilə əməkdaşlığa ehtiyacı var. Bu əlaqələr isə Azərbaycan, İsrail və Türkiyə arasındakı üçtərəfli münasibətlərə çevrilir. Hətta bunu geostrateji üçbucaq belə adlandırmaq olar. Bu üç ölkə arasında əlaqələr regionun inkişafı, rifahı və sülhün bərqərar olması üçün böyük əhəmiyyət kəsb edir.

Azərbaycanla İsrailin yaxınlaşmasının və sıx əməkdaşlığının bəzi dövlətlərdə narazılıq və qıcıq yaratması sirr deyil. Gənc müstəqil dövlət olan Azərbaycan heç kəsə tərəf baxmadan müstəqil xarici siyasət yürüdür. Azərbaycan 30 illik müstəqillik dönəmində kifayət qədər güclənib və regionda vacib aktora çevrilib. Odur ki, onun rəyi nəzərə alınır.

Beləliklə, Azərbaycan-İsrail münasibətləri bir çox sınaq və təhdidlərə tab gətirərək inkişaf yolunu davam etdirib və bu əlaqələr tezliklə İsraildə səfirliyin açılması ilə taclanacaq. Bu məqamda qeyd edək ki, Azərbaycan-İsrail münasibətləri qonşu dövlətləri, o cümlədən Ermənistanı narahat edir. Uzun illər ərzində Ermənistan rəsmiləri və erməni diasporu Azərbaycan-İsrail münasibətlərinə zərbə vurmağa çalışsalar da, buna nail ola bilməyiblər. Eyni zamanda, Ermənistanın İranla əməkdaşlıq etdiyini qeyd etmək yerinə düşər. Təəssüf ki, İran həm İsrailə, həm də Azərbaycana qarşı dayanır.

Qeyd etmək istərdim ki, təxminən 30 il ərzində Azərbaycan ərazisinin 20%-ni işğal altında saxlamış, bir zaman işğal altında olmuş Azərbaycanın şəhər və kəndlərini talan etmiş və viran qoymuş, Azərbaycan məscidlərində donuz saxlamış Ermənistanla bəzi müsəlman dövlətlərinin çox sıx diplomatik əlaqələri var. Buna görə də Azərbaycanı mövqeyinə görə istənilən şəkildə pisləmək qərəzdir və ikili standartlardan başqa bir şey deyil.

Yeri gəlmişkən, Azərbaycan hər zaman sülhsevər siyasət yürüdüb və indi də belə siyasət yürüdür. Azərbaycanlılar mahiyyətcə sülhsevər xalqdır. Lakin lazım gələrsə, Azərbaycan hər zaman özünü müdafiə edə, təhdidlərə cavab verə bilər. İkinci Qarabağ müharibə zamanı məhz bunun şahidi olduq. Türkiyə kimi, İsrail və bizə dost olan bir sıra digər dövlətlər də Azərbaycanın ərazi bütövlüyünün qorunmasında ölkəmizi dəstəkləyib və bundan sonra da dəstəkləyəcəklər.

Bu arada, İsrailin ərəb ölkələri ilə münasibətlərinə gəlincə, ABŞ-ın vasitəçiliyi ilə onların yəhudi dövləti ilə əlaqələrində yeni səhifə açan “İbrahim razılaşması” imzalanıb. Bu ölkələrin iki il ərzində atdığı addımlar İsrail ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, Mərakeş və Sudan arasında siyasi, diplomatik və iqtisadi sahədə geniş əməkdaşlıqla nəticələnib.

Qeyd etmək istərdim ki, Azərbaycanla İsrail arasında əməkdaşlıq heç bir halda üçüncü dövlətlərə qarşı yönəlməyib. Əksinə, Azərbaycan yəhudi dövləti ilə dialoq qurmaq və münasibətləri qaydaya salmaq istəyən müsəlman ölkələri üçün körpü rolunu oynaya bilər. Buna misal olaraq Türkiyə ilə İsrail arasında münasibətlərin bərpasında Azərbaycanın rolunu göstərmək olar. Ölkəmiz hər zaman bütün qonşuları və tərəfdaşları arasında dostluq münasibətlərinin yaradılmasına çağırış edib.

Bir sözlə, Azərbaycan hər zaman bütün ölkələri, o cümlədən regional dövlətləri dinc əməkdaşlığa çağırır. Qarşıdurma və münaqişələr dövlətlər və xalqlar üçün yaxşı heç nə vəd etmir, əksinə, ciddi problemlərə, mənfi nəticələrlə səbəb ola bilər.

Müəllif - Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan-İsrail parlamentlərarası dostluq qrupunun rəhbəri Anatoliy Rafailov

AzVision.az


Teqlər:





Xəbər lenti