"Bura müharibə ərazisinə oxşayır, şəhərin mərkəzi yox olub" - Türkiyədəki azərbaycanlı müəllim

 "Bura müharibə ərazisinə oxşayır, şəhərin mərkəzi yox olub" -   Türkiyədəki azərbaycanlı müəllim
  07 Fevral 2023    Oxunub:1071
Dünən səhər saat 5-ə 17 dəqiqə işləyirdi, güclü zəlzələ oldu. Bir dəqiqə yarım çəkdi. Amma mənim üçün bu psixoloji olaraq 5-7 dəqiqəlik zaman kimi gəldi.
Bunu AzVision.az -a Kahramanmaraş Sütçü İmam Universitetinin azərbaycanlı müəllimi Həmran Əmirli zəlzələ anında yaşadıqlarını danışarkən deyib. O bildirib ki, evləri zəlzələ anında dağılmasa da, divarları çökdüyü üçün yaşanılmaz hala gəlib.

"Zəlzələ dayanandan sonra aşağıya düşdüm. Ətrafda insanların üzlərindən dəhşət oxunurdu. Uşaqların ağlaşma səsləri ətrafı bürümüşdü. Hər kəs yatağından oyanıb, ayaqyalın çölə çıxmışdı. Həmin an xatırladıqlarım dumanlıdır. Çünki şok vəziyyətində idim. Bura müharibə ərazisinə oxşayır.

Daha sonra şəhərin mərkəzində yaşayan azərbaycanlılar zəng elədi və bütün binaların dağıldığını, eyni dəqiqədə yox olduğunu ağlaya-ağlaya dedilər. 10 ildir yaşadığım şəhəri dağntılar səbəbindən tanımıram. Şəhərin mərkəzi əsasən yox olub. Dost-tanışlarımızın yaşadığı binalar özləri içərisində çöküb. Hər saat birinin ölüm xəbərini eşidirik".

H.Əmirli insanlara evə daxil olmağa icazə verilmədiyini qeyd edib:

"Evdən tərliklə çıxmışdım, paltarımı götürmək üçün geri qayıdanda evin qəzalı olduğunu gördüm, divarlar çökmüşdü, yaşanılacaq vəziyyətdə deyil. Burada tez-tez yenə zəlzələr olur. Evlərə daxil olmuruq".

H.Əmirli bildirib ki, azərbaycanlıların universitet ərazisinə toplaşıb. Səfirlikdən də onlarla əlaqə saxlanılıb.

"Səhər saat 7-də Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova əlaqə saxladı və hər cür köməklik olunacağı bildirildi. Daha sonra səfirlik nəzdində Rəşad müəllimin rəhbərliyi ilə yaradılan operativ qərargahdan bizimlə əlaqə saxlanıldı. Bildirdi ki, bütün vətəndaşlarımızı bir araya toplayaq, təxliyyə olunacaqlar. Əlimizdən gəldiiyi qədər yemək tapırıq. Amma səfirlik hazırda təxliyə üçün avtobus göndərib və yemək də gətirir. Burada olan azərbaycanlıların çoxu, tələbələr də daxil olmaqla Azərbaycana geri qayıtmaq istəyir. Qalan bir-iki nəfər deyir ki, əşyalarını toplayıb gedəcək. Amma əksər insan gedir".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti