"İran polisi ilə aramızdakı məsafə heç 10 metr yox idi" - Səfirliyə hücum zamanı yaralanan Vasif

   "İran polisi ilə aramızdakı məsafə heç 10 metr yox idi" -    Səfirliyə hücum zamanı yaralanan Vasif
  06 Fevral 2023    Oxunub:836
“Polis bizə heç ratsiya ilə də səfirliyə əli silahlı şəxsin girməyə çalışdığını xəbər vermədi”.
AzVision.az xəbər verir ki, bunu İrandakı səfirliyimizə terror hücumu zamanı yaralanan Mahir İmanov deyib.

O bildirib ki, terrorçu onu sol ayağından vurub: “Gedib Vasifə kömək etmək istədim. Onda hiss etdim ki, sol ayağımdan güllə yarası almışam, ayağım işləmir. Mühafizə yoldaşımız Vasif orada ani hərəkət etməsəydi, çox böyük faciə baş verə bilərdi. Orada həm səfirlikdir, yuxarı mərtəbədə yaşayış mənzilləri var. O, çox güllə atırdı. 3 güllə qoluma dəydi. Sol ayağım onsuz da işləmirdi. Güllənin biri də sağ ayağıma dəydi. Orada heç kim ilk tibbi yardım göstərmirdi. Yolda da eşidirəm ki, xəstəxanaya deyirdilər yaralı gətiririk. Xəstəxana bizi qəbul etmədi. Biz digər xəstəxanaya getməli olduq. Məni əməliyyata 5 saatdan sonra aldılar”.

İrandakı səfirliyimizə terror hücumu zamanı yaralanan Vasif Tağıyev: “Səhər saat 08:00-da xidməti təhvil aldıq. Monitorlardan ərazini izlədiyimiz vaxt Saipa markalı maşının yaxınlaşdığını gördük. Əli silahlı bir nəfər polisə işarə göstərərək binaya silahla atəş açaraq daxil oldu. Polis ona heç bir reaksiya verməyib, yerində oturur. Məlumat üçün deyim ki, polis də orada tam silahlı olur. Orada 6 ailə yaşayır. Terrorçunun fikri hamını öldürmək idi. Çünki o tam hazırlıqlı gəlmişdi. İki dolu daraq, “Kalaşnikov” avtomatı, tapança, ağır alət, benzin doldurulmuş şüşələr. İlk atəşi Orxan Əsgərova açandan sonra mən onu tərksilah etmək istəyəndə 2-ci atəş mənim çiynimdən dəydi. Mən onu çölə atmaq istəyirdim. Onu tutduğum anda orada İran polisi ilə aramızdakı məsafə heç 10 metr yox idi. Qışqırırdım ki, polis kömək etsin. Həm fars, həm Azərbaycan dilində”.

AzVision.az


Teqlər:





Xəbər lenti