Sahib Alıyev Ermənistanın İranla bağlı ümidlərinin ciddi əsası olduğunu bildirib:
“Əvvəla, onlar İranın Azərbaycana Ermənistandan da düşməncəsinə yanaşdığını görürlər. İkincisi, Qarabağ uğrunda gedən savaşlarda dinsiz rejimdən hərtərəfli yardım alıblar. Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan bu yaxınlarda hətta ötən ilin sentyabr döyüşlərində də İranın onlara kəşfiyyat xarakterli və hərbi-texniki dəstək verdiyini etiraf etdi. Yəni bu reallıqlar revanşizm üzərində düşünən hayları İranı özlərinin ən yaxın müttəfiqi gözündə görməyə vadar edir” – millət vəkili yazır.
Bu məqamları xatırladan deputat, Azərbaycanda belə bir rejimə qulluq edən yaramazları güc strukturlarımızın bir-bir, yaxud dəstə halında üzə çıxararaq, onları layiq olduqları yerə göndərdklərini alqışladığını qeyd edib. Lakin o, cəmiyyətimizi, xüsusilə də dindarlarımızı da huşyar olmağa çağırıb.
- Ancaq cəmiyyət olaraq biz nə edirik? Xeyli dindarlarımız var ki, İrana bağlıların təsiri altında xüms verirlər. Onlar anlayırlarmı ki, verdikləri o pullar, hərbi-texniki dəstək şəklində haylara ötürülür. Azərbaycan dövlətinin, bütövlükdə millətimizin əleyhinə yönələn məqsədlərə sərf edilir. Pulun var, qonşuluğundakı kasıba əl tut, digər xeyirxahlıqlar et, yağlı sifət, yüngülsaqqal düşmən birinə niyə göndərirsən? – Sahib Alıyev sual edir.
Milli Məclisin üzvü onu da soruşur ki, yanvarın 27-də Tehrandakı səfirliyimizə qarşı terror aktı törədiləndə həm İrana bağlı təbliğat resurslarında gedən materialları, həm də hazırda qərbdə əyləşən reklamın pisini də özləri üçün qənimət bildiklərindən adlarını çəkmədiyi 3-4 mariginal təxribatçının bu haqda ağ yalanlara dolu “xəbər”lərini, “şərh”lərini, “təhlil”lərini bəyənənlərin arasında bəyəm heç tanıdıqlarımız yoxdur?
“Amma neçəmiz onlardan “bu nə hərəkətdir edirsən, sən öz dövlətinin, millətinin əleyhinə yönələn belə iftiranı necə, hansı məntiqlə bəyənirsən deyə soruşduq? Onlardan neçəsinə bu cür davranışlarını davam etdirəcəkləri halda bütün əlaqələrəmizi kəsəcəyimizi bildirdik?” – deputat vurğulayır.
Məhz bu kontekstdən çıxış edən millət vəkili, bir cəmiyyət kimi bizim belə məsələlərdə barışmaz mövqe sərgiləməyimizin güc strukturlarımızın Azərbaycanın düşmənlərinə casusluq edən şərəfsizləri tutub həbsə atmalarından heç də az önəmli olmadığını xüsusi bildirib:
“Biz görmürükmü ki, Laçın yolunda aksiya keçirən, vətəndaş mövqeyi ortaya qoyan çoxu gənclərdən ibarət soydaşlarımızın təəssübkeşlikləri kimləri, necə böyük çevrələri qıcıqlandırır? Niyə, bilirsinizmi? Ona görə ki, burada təkcə dövlətimizin deyil, bütövlükdə xalqmızın torpaqlarımız üzərində suverenliyimizin təmini üçün hər şeyə hazır olduğunu, əzmimizi görürlər.
Dünyanın hazırda gərginliklər, toqquşmlara dolu bir mərhələdən keçdiyi dönəmdə təkcə dövlətin güclü olması bəs etmir. Hər bir ölkənin gələcəyini ordakı cəmiyyətin vətənpərvərlik, dövlətə bağlılıq, yetkinlik dərəcəsi, öz milli maraqlarının təmini uğrunda təşkilatlanmaq bacarıqları müəyyənləşdirəcək”, - Sahib Alıyev yazıb.
Millət vəkili 50 milyonluq Azərbaycan xalqının bu sınaqdan da üzü ağ çıxacağına ümid etdiyini, İrandakı dinsiz rejimə bağlı ünüsürlərin, ideloji virusların ölkəmizdə epidemiya yaratmalarının önünü kəsəcəyimizə əmin olduğunu bildirib. O, bu məsələdə peyvənd rolunda bizim elələrinə qarşı barışmaz və prinsipal mövqeyimizi gördüyünü qeyd edərək:
“Əziz dostlar, ortaya mövqe qoyun, dinsiz rejimə ideoloji doqmalarını bizim cəmiyyətə sırımağın, Azərbaycanı öz yolundan döndərməyin mümkünsüzlüyünü göstərin. Burada bizə ən böyük dəstək, ilk növbədə cəmiyyətimizin dövlətimizə, özümüzün özümüzə verəcəyimiz dəstəkdir, unutmayın!”, - Milli Məclisin üzvü hər birimizi vətəndaş mövqeyi tutmağa çağırıb.
AzVision.az
Teqlər: Azərbaycan cəmiyyət