Gənclər Günü ilə bağlı “Azərxalça”nın təşkil etdiyi “Xalça istehsalında bir gün” adlı tədbir keçirilib - FOTO

   Gənclər Günü ilə bağlı “Azərxalça”nın təşkil etdiyi “Xalça istehsalında bir gün” adlı tədbir keçirilib -    FOTO
  02 Fevral 2023    Oxunub:321
Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. “Azərxalça” Gənclər Günündə tələbələr üçün “Xalça istehsalında bir gün” adlı tədbir təşkil edib.
Bu barədə “Azərxalça” ASC-dən məlumat verilib.

Bildirilib ki, işıqlı, parlaq və gözəl gələcəyimizin qarantı olan gənclərin bu vacib gününü, 2 fevral Azərbaycan Gəncləri Gününü “Azərxalça” ASC yaradıcı qrupu məhz gənclərlə birlikdə qeyd edib.

Fevralın 2-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Elm və Təhsil Nazirliyi, “bədii xalça” ixtisasında təhsil alan SABAH qrupları tələbələri, onların diplom rəhbərləri və digər müəllim heyəti “Azərxalça”nın Qobuda yerləşən xalça emalatxanasında "Xalça istehsalında bir gün" adlı tədbir təşkil edib.

Tədbir zamanı xalçaçılıq ixtisası üzrə təhsil alan dördüncü kurs tələbələri buraxılış işlərinin layihələrini və çeşnilərini təqdim ediblər. ADRA müəllim heyəti və “Azərxalça” yaradıcı qrupunun nümayəndələri buraxılış işlərini müzakirə edərək, onlara öz fikir və iradlarını bildiriblər.

Daha sonra gələcəyin xalçaçıları “Azərxalça”nın istehsalat üzrə mütəxəssislərinin rəhbərliyi ilə bu xalçaların istehsalının bədii-texniki xüsusiyyətlərini müzakirə edib, həmçinin istehsal prosesi ilə birbaşa tanış olublar. Tələbələr, həmçinin “Azərxalça”nın ən yaxşı toxucularından ustad dərsi alaraq, özlərini xalça toxuma prosesində də sınayıblar.

“Azərxalça” ASC ilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası arasında əməkdaşlığın davamı olaraq tələbələrin xalçalarının eskizləri əsasında 6 xalça “Azərxalça” emalatxanalarında toxunaraq tədris ilinin sonunda diplom işi kimi təqdim olunacaq. Adı çəkilən layihənin ideya müəllifi ADRA-nın professoru, Əməkdar rəssam Məmmədhüseyn Hüseynovdur.

Yaradıcı gənclərə dəstək və təhsil müəssisələri ilə fəal əməkdaşlıq “Azərxalça”nın qarşısında duran əsas vəzifələrdən biridir. Belə tədbirlər istehsalla təhsil arasında geniş qarşılıqlı əlaqəyə təkan verərək, gənclərin milli mənəvi sərvətimizə marağını daha da artıracaq.

Məlumat üçün bildirək ki, 1997-ci ildən hər il fevralın 2-də respublikamızda Azərbaycan Gəncləri Günü kimi qeyd olunur. Ümummilli liderin 1997-ci il 2 fevral tarixində imzaladığı Fərmana əsasən, həmin tarix “Azərbaycan Gəncləri Günü” kimi elan edilib. Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunub.

Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 2023-cü ildə anadan olmasının 100 illiyi ərəfəsində onun əziz xatirəsini anan tədbir iştirakçıları çıxış edərək, Azərbaycan gəncliyinin elmli, hərtərəfli savadlı və sağlam inkişafı üçün yaradılan şəraitə görə öz minnətdarlıqlarını bildiriblər.











AzVision.az

Teqlər:







Xəbər lenti