"Washington Post" polisin "yatması", Brodski isə İranın uşaq yalanından yazdı

  "Washington Post" polisin "yatması",  Brodski isə İranın uşaq yalanından yazdı
  27 Yanvar 2023    Oxunub:1897
Azərbaycanın İrandakı səfirliyinə olan xain silahlı hücum dünya mediasının gündəminə çevrilib.
"Washington Post" yazır ki, Kalaşnikov avtomatı ilə silahlanmış iranlının Azərbaycan səfirliyinə soxularaq mühafizə rəisini öldürməsi və iki mühafizəçini yaralaması diplomatik qalmaqal yaradıb.

"İran dövlət televiziyası Tehranın polis rəisi, general Hüseyn Rəhimiyə istinadən bəyan edib ki, silahlı hücum caninin “şəxsi və ailə problemlərinə” görə olub. Lakin bu hadisə qonşu Azərbaycan və İran arasında aylardır davam edən gərginlik fonunda baş verdi.

Göz qabağında şeytan | TƏHLİL
Azərbaycan Xarici İşlər Nazirliyi İranı Bakıya qarşı artan təhdidlərlə bağlı xəbərləri ciddi qəbul etməməkdə günahlandırdı. Bunun ardınca Azərbaycan Tehrandan diplomatik missiyasını təxliyyə etdiyini bildirib. Nazirlik həmçinin bəyan edib ki, “Məhz İranda ölkəmizə qarşı son vaxtlar aparılan anti-Azərbaycan kampaniyası diplomatik nümayəndəliyimizə qarşı bu cür hücumlara səbəb oldu". Azərbaycan Prezidenti İlham Əliyev isə hücumu terror aktı adlandırıb.

Bu arada, səfirliyin qarşısında keşik çəkən İran polisinin hücumu dayandırmaq üçün heç bir iş görməməsini əks etdirən görüntülər ortaya çıxıb. Bu görüntülər yayılandan bir neçə saat sonra isə İran hakimiyyəti Rəhimini polis rəisi vəzifəsindən uzaqlaşdırıb", - nəşr yazıb.

Müəllif həmçinin başqa bir diqqət çəkən məqama toxunub: "İran dövlət televiziyası Rəhimiyə istinadən bildirib ki, hücum zamanı silahlı cinayətkar səfirliyə iki uşağı ilə daxil olub. Bununla belə, Azərbaycanın yaydığı kamera görüntüləri göstərir ki, silahlı səfirliyin qapısındanı təkbaşına keçib".

"Washington Post" Azərbaycanın İranla həmsərhəd olmasını da xatırladıb. Həmçinin Bakının Tehranla ciddi problemləri yaranıb ki, bu da Azərbaycan və Ermənistan arasında Qarabağ müharibəsinin baş verməsinə görədir.

"Tehran oktyabr ayında İran İslam Respublikasını silkələyən ümummilli etirazlar fonunda hərbi gücünü nümayiş etdirərək Azərbaycanla sərhəd yaxınlığında təlimlərə başladı. Azərbaycan İranın regionda özünün əsas düşməni hesab etdiyi İsraillə də sıx əlaqələr saxlayır. Azərbaycanla yaxın əlaqələri olan Türkiyə isə hücumu pisləyərək, günahkarların məsuliyyətə cəlb olunmasını və gələcəkdə oxşar hücumların qarşısının alınması üçün tədbirlərin görülməsini istəyib. Türkiyə Qarabağ müharibəsində Azərbaycanı dəstəkləmişdi.

Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “Keçmişdə də oxşar hücumlara məruz qalan Türkiyə Azərbaycan xalqının ağrısını dərindən bölüşürük. Qardaş Azərbaycan tək deyil. Azərbaycana dəstəyimiz həmişə olduğu kimi fasiləsiz davam edəcək”, - məqalədə yazılıb.

Mütəxəssislər də İran rejimin malaladığı bu terror aktının təsadüfi və ya şəxsi zəmində yaranmadığını deyirlər. Amerikalı analitik, UANI İnstitutunun rəhbəri Ceyson Brodski hadisə ilə bağlı özünün Twitter səhifəsində diqqət çəkən fikirlər paylaşıb. O, Azərbaycanın İrandakı səfirliyinə silahlı basqın barədə məlumatı əks etdirən müşahidə kamerasının videogörüntülərinə diqqət çəkib.

Gərgin şərhlərlə açılan bu müzakirədə o, terroristin uşaqlarla birlikdə cinayət yerinə gəlişi ilə bağlı səsləndirilmiş fikirlərlə videogörüntülər arasında təzadlar, uyğunsuzluğun olduğunu deyib. Digər şərh yazanlar isə qatilin SEPAH ilə bağlılığı barədə fikirlər yürüdüblər. Onlar ölkələri bu təşkilatı terrorçu siyahısına daxil etməyə çağırıblar.

Xatırladaq ki, bu gün səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edilib. Hücum dəf edilərkən diplomatik missiyanın mühafizəsinə cavabdeh olan Azərbaycan təhlükəsizlik qüvvələrinin əməkdaşı Orxan Əsgərov qəhrəmancasına həlak olub, daha iki nəfər yaralanıb. Hücum edən şəxs saxlanılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İran   Səfirlik   Hücum  





Xəbər lenti