"Əziz Rusiya. Yazıb, sənə bildirirəm ki..."

// Rus gəmisi lövbərini qaldırır

      "Əziz Rusiya. Yazıb, sənə bildirirəm ki..."
  28 Noyabr 2022    Oxunub:4655
Vüsal Məmmədov
AzVision.az saytının baş redaktoru

Son günlər Rusiya Müdafiə Nazirliyinin “filkin qramota”larında* Azərbaycan toponimlərini erməni variantında işlətməsi həyasızlığın bütün sərhədlərini aşmaqdır. Vaxtilə Fərruxa “Purux” deyəndə etirazımızı görüb nəticə çıxarmalı idilər, amma bir az da irəli gedərək, Çardaqlını “Maqavuz”, Ağdərəni “Mardaket”, Xocavəndi “Martuni” kimi yazmağa başladılar.
Bu o deməkdir ki, Rusiyanın hərbi rəhbərliyi sülhməramlıların ölkəmizdə qalma müddəti başa çatan kimi onların dalınca qara bir daş atmağımızı israrla, bərk-bərk xahiş edir. Nə eybi, atarıq. Amma söhbət işin təkcə siyasi tərəfindən getmir. Rusiyaya az-çox rəğbəti qalanlar da bu həyasızlığı görüb, qəti olaraq “Русский миротворец, иди на х.й!”* ovqatına köklənirlər.

Orada - Rusiyada bu işlərə kim baxır, bilmirəm; bu cızma-qara hansısa formada onların nəzərinə yetişəcəkmi, onu da bilmirəm. Amma bunları deməyi özümə borc hesab edirəm.
Ətrafımdakılar məni adətən Rusiyaya müəyyən rəğbəti olan insan kimi tanıyıblar. Nə idi mənim bu münasibətimin səbəbi? Əlbəttə, heç bir halda müasir Rusiyanın “yumşaq gücü” və cazibəsi deyildi. Çünki olmayan şey insanda rəğbət yarada bilməz.

Sadəcə olaraq, mən sədaqətli insanam və keçmişimə sədaqətim idi həmin rəğbətin kökündə duran. Doktor Aybolit* idi, Moydadır* idi, Bilməz* idi, Bibiqon* idi, milçək-vizilçəyin* samovarı idi.
Puşkinin uşaq vaxtı başdan-ayağa əzbər bildiyim “Balıqçı və balıq nağılı” idi, Tatyananın Yevgeniyə* yazdığı “А счастье было так возможно, так близко!..” sözləri idi.
Mumunu suda batırarkən Gerasimin* keçirdiyi hissləri təsəvvür etməyə çalışanda düşdüyüm dəhşətli hal idi.
Vankanın*
məktubunun axırında yazdığı “На деревню, дедушке” ünvanına çatanda sarsılmağım idi.
Alisa Seleznyova* kimi sinif yoldaşımın olmasını arzulamağım idi.
“Amfibiya adam”dakı Quttiereni* sevməyim, məktəbdə özümdən 6 sinif yuxarıda oxuyan bir qızı ona bənzətməyim idi.
Nə vaxtsa qara qulaqlı, ağ Bim* kimi itimin olmasını istəməyim idi.
“Professor Douelin başı”nı*
oxuyanda keçirdiyim dərin qorxu idi.
Türk təbəəsi Süleyman Bəndərbəyin oğlu Ostapın* parada komandanlıq etmək həvəsi və enerjisi idi.
Sevginin tinin dalından çıxan qatilə, insanın ürəyinə saplanan fin bıçağına bənzədilməsi*
idi.
İtin adama çevriləndən sonra dediyi “Abırvalq”* kəlməsi idi.
Yeseninin çox incə poeziyaya “Пей со мною, паршивая сука” * misrasını necə ahəngdar yerləşdirməyi bacarmaq məharəti idi.
Çatskinin* «А судьи кто?» sualı idi.
İnnokenti Smaktunovskinin* “Здравствуй, Люба. Я вернулся”* deyib, üzünü trolleybusun pəncərəsinə söykəməsi idi.
Perelmanın* “Əyləncəli fizika” “Əyləncəli riyaziyyat” kitablarının bu iki elmi mənə necə sevdirməsi idi...

Bütün bunları saatlarla, hətta günlərlə saymaq olar. Sanki Rusiyanın işıqlı tərəfində olanlar onilliklər boyu çalışmışdılar ki, məndə - sadə bir Azərbaycan vətəndaşlarında ölkələrinə qarşı rəğbət yaratsınlar və bunu bacarmışdılar. İndi isə qaranlıq tərəfində olanlar onu zülmətə gömürlər...

Rus gəmisi lövbərini qaldırır...

--------
* Филькина грамота - Rus dilində “savadsız, cahilcəsinə tərtib edilmiş, heç bir hüquqi qüvvəsi olmayan sənəd” mənasını verən ifadə. Vaxtilə çar İvan Qroznı mitropolit II Filippin məktubunu belə adlandırmışdı.

* “Русский военный корабль, иди на х.й!” - 2022-ci ilin 24 fevralında, müharibənin ilk günü Rusiya hərbi gəmisinin təslim olmaq təklifinə İlan adasındakı ukraynalı sərhədçi Roman Qribovun verdiyi cavab.

* Doktor Aybolit, Moydadır, Bibiqon, milçək-vizilçək – Sovet şairi Korney Çukovskinin uşaqlar üçün yazdığı məzəli mənzum nağılların qəhrəmanları.

* Bilməz (Незнайка) – Sovet uşaq yazıçısı Nikolay Nosovun uşaqlar üçün yazdığı trilogiyanın qəhrəmanı. Trilogiyada cırtdan-oğlanlar qəbiləsinin sərgüzəştlərindən bəhs olunurdu.

* Söhbət Puşkinin “Yevgeni Onegin” mənzum romanından gedir.

* “Mumu” - Rusiyalı yazıçı İvan Turgnevin 1852-ci ildə yazdığı hekayə. Real hadisələrin əsasında qələmə alındığı hesab olunur. Sovet vaxtı həm də məşhur konfetin adı idi.

* “Ванька” – Anton Çexovun 1886-cı ildə yazdığı hekayə.

* Алиса Селезнёва – Sovet fantast yazıçısı Kir Bulıçevin (İqor Mojeyko) məktəblilər üçün yazdığı romanlar silsiləsinin və onun əsasında çəkilmiş “Gələcəkdən qonaqlar” altıseriyalı filmin qəhrəmanı. Süjetə görə XXI əsrin sonlarında Moskvada yaşayır. Film ekranlara çıxandan sonra Alisanı oynayan aktrisa Nataşa Quseva ağlasığmaz məşhurluq qazanmışdı və SSRİ-nin hər yerində yaşayan oğlanlardan yüzminlərlə məktub alırdı.

* “Amfibiya-adam” filmi yazıçı Aleksandr Belyayevin 1927-ci ildə qələmə aldığı eyniadlı kitabın əsasında 1961-ci ildə çəkilmişdi. Bəzi səhnələr Buenos-Ayresin “rolunu oynayan” Bakıda lentə alınıb. Quttiere obrazını həmin dövrdə sovet ekranının əsas seks-simvolu olan Anastasiya Vertinskaya canlandırmışdı.

* “Qaraqulaq, ağ Bim” – sovet ekranının “Hatiko”su. Amma “Hatiko”dan fərqli olaraq, təkcə itin sədaqətindən və fədakarlığından yox, həm də insanların necə murdar ola biləcəklərindən bəhs edir. Bimin sahibi rolunu Vyaçeslav Tixonov (“Ştirlis”) oynayıb.

* Aleksandr Belyayevin digər məşhur romanı olan “Professor Doueliun başı” 80-ci illərdə “Amfibiya adam” ilə bir kitab halında nəşr olunmuşdu.

* Остап-Сулейман-Берта-Мария-Бендер-бей-Задунайский – İlf ilə Petrovun “12 stul” və “Qızıl dana” əsərlərinin qəhrəmanı, “böyük kombinator”.

* «Любовь выскочила перед нами, как из-под земли выскакивает убийца в переулке, и поразила нас сразу обоих! Так поражает молния, так поражает финский нож!» - Bulqakovun “Master və Marqarita” romanında Master Marqarita ilə ilk tanışlığını bu sözlərlə təsvir edir.

* ABIRVALQ – Bulqakovun “İt ürəyi” romanında Şarikovun insana çevriləndən sonra dediyi ilk söz. “QLAVRIBA” sözünün tərsinə oxunuşu.

* “Пей со мною, паршивая сука” – Sergey Yeseninin 1923-cü ildə yazdığı və Aysedora Dunkana həsr olunan məşhur şeirdən misra.

* Александр Чацкий – Qriboyedovun “Ağıldan bəla” əsərinin qəhrəmanı. Rus ədəbiyyatında yeni sosial-psixoloji tip hesab olunur.

* İnnokenti Smaktunovski – Məşhur sovet aktyoru, “Hamlet”in ən güclü ifaçılarından biri.

* “Здравствуй, Люба. Я вернулся” – Eldar Ryazanovun çəkdiyi “Avtobildən özünü gözlə” filminin sonuncu frazası. Filmin baş qəhrəmanı Detoçkin (İnnokenti Smaktunovski) sevgilisinin onu bağışlayacağı ümidilə yazıq görkəm alaraq deyir. Xatlırlayrsınıza, Ukrayna prezidenti Volodımir Zelenski “Xalqın xidmətçisi” serialının bir epizodunda həmin səhnəni improvizasiya edir.

* Yakov Perelman – “Elmi fantastika” termininin müəllifi, yazıçı, elmin populyarizatoru. Riyaziyyat və Fizikanı canlı, maraqlı, əyləncəli şəkildə izah edən kitabların müəllifidir. Nil Deqrass Tayson onun əlinə su tökməyə də yaramaz.



Teqlər: Rusiya  





Xəbər lenti