“E-Köşk” qəzet və jurnalların rəqəmsal yayım platformasının təqdimatı keçirilib

“E-Köşk” qəzet və jurnalların rəqəmsal yayım platformasının təqdimatı keçirilib
  24 Noyabr 2022    Oxunub:584
Medianın İnkişafı Agentliyinin təşkilatçılığı və Media Təhlil Mərkəzinin tərəfdaşlığı ilə “E-köşk” qəzet və jurnalların rəqəmsal yayım platformasının ictimaiyyətə təqdim olunması ilə bağlı tədbir keçirilib.
AzVision.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra ümummilli lider Heydər Əliyev və Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Təqdimat mərasimində Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiri Kamran Həsənov, Mətbuat Şurasının sədri Rəşad Məcid və ölkədə fəaliyyət göstərən çap mediasının rəhbərləri, həmçinin ictimaiyyət nümayəndələri iştirak edirbər.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, dövlət yazılı medianın inkişafına hər zaman dəstək göstərir: ""E-köşk” qəzet və jurnalların rəqəmsal yayım platforması bu dəstəklərdən biridir. Müasirlik, yenilik günün tələbidir və buna uyğunlaşmaq lazımdır. "E-köşk” qəzet və jurnalların rəqəmsal yayım platforması qlobal informasiya mühitinin modernləşməsi, qabaqcıl texnologiyaların media sahəsində geniş tətbiqi və digər innovativ yeniliklərin sahədə yaratdığı ehtiyaclar, müşahidə edilən müasir tendensiyalar nəzərə alınaraq hazırlanıb".

Əhməd İsmayılov qəzet saytlarının yenidən qurulması prosesinin artıq başa çatdığını qeyd edib. Vurğulayıb ki, media subyektlərinin iqtisadi cəhətdən gücləndirilməsi MEDİA-nın başlıca məqsədlərindəndir. Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiri Kamran Həsənov isə vurğulayıb ki, “E-köşk” qəzet və jurnalların rəqəmsal yayım platforması müasir tələblərə cavab verə biləcək bir platformadır:

"Prezident İlham Əliyevin media sahəsində islahatlarla bağlı verdiyi Fərmandan ötən 2 il ərzində bu sahədə xeyli dəyişikliklər baş verib. O cümlədən "Media haqqında" Qanun qəbul edilib". Çap mediasının üzləşdiyi problemlərə diqqət çəkən Prezident Administrasiyasının məsul əməkdaşı son bir il ərzində ölkədə bu sahədə müəyyən müsbət işlər görüldüyünü də diqqətə çatdırıb.

Kamran Həsənov media sahəsində həyata keçirilən islahatların tərkib hissəsi olaraq çap mediası məhsullarının abunə və satışının təşkilinə dəstək göstərilməsi, media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. Daha sonra “Rəqəmsal dövrdə ənənəvi çap mediası: Müasir oxu vərdişləri və transformasiya perspektivləri” mövzusunda panel sessiya keçirilib. Panel sessiyaya moderatorluq edən millət vəkili, “Azernews” qəzetinin baş redaktoru Sevil Mikayılova bildirib ki, “E-köşk” platforması cəmiyyətdə oxu vərdişlərinin inkişaf etdirilməsinə, ənənəvi medianın rəqəmsallaşdırılmasına dəstək göstərəcək.

Sessiyada çıxış edən Mətbuat Şurasının sədri Rəşad Məcid bu platformanın çap mediası subyektlərinin iqtisadi dayanıqlılığının artırılması, ənənəvi çap mediasının rəqəmsal mühitə uyğunlaşması istiqamətində innovativ addım olduğunu qeyd edib. “Media Təhlil Mərkəzi” İctimai Birliyinin baş mütəxəssisi Yunis Orucov çıxışında texniki imkanlar baxımından onlayn media ilə bərabər çap mediasının inkişafına kömək məqsədilə “E-köşk” platformasının yaradılmasının təqdirəlayiq addım olduğunu diqqətə çatdırıb.

“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev və “Respublika” qəzetinin baş redaktoru Hümbət Musayev də platformanın ənənəvi çap mediasını hər kəs üçün daha əlçatan etməsindən, oxuculara mütəmadi olaraq yenilənən məlumat bazasından istifadə etməyə şərait yaratmasından danışıb.

Daha sonra Medianın İnkişafı Agentliyinin Media dəstək layihələri şöbəsinin müdiri Ləman İsgəndərova platformanın üstünlüklərini, əhatə dairəsini, məqsədlərini əks etdirən təqdimatla çıxış edib. “Mass Solution” şirkətinin dəstəyi ilə hazırlanan “E-köşk” platformasının istifadə təlimatı, eyni zamanda cari müddətə qədər platformada hesab yaratmış redaksiyalara dair video-çarxlar nümayiş etdirilib.

“E-köşk” qəzet və jurnalların rəqəmsal yayım platformasının təqdimat mərasimi çərçivəsində yaxın gələcəkdə Medianın İnkişafı Agentliyinin, Media Təhlil Mərkəzinin, “EDUAZ co” MMC-nin və Anadolu Agentliyinin birgə əməkdaşlığı ilə “EDU.AZ” platforması üzərindən jurnalistlər üçün onlayn təlimlərin təşkil ediləcəyi barədə məlumat verilib.

Layihə ilə bağlı təqdimatla çıxış edən “EDUAZ co” MMC şirkətinin layihə meneceri Lalə Həsənova bildirib ki, jurnalistlərin peşəkarlığının artırılması, bu sahədə yeni tendensiyaların öyrənilməsi məqsədilə medianın istifadəsinə veriləcək onlayn təlim platforması daha geniş auditoriyanı əhatə edəcək, vaxta qənaət edilməsinə şərait yaradacaq, məkan və zamandan asılı olmayaraq təlimlərdən faydalanma və rahat funksionallıqdan istifadə imkanı təqdim edəcək.

Sonra “Hürriyet” qəzetinin xəbər koordinatoru Fırat Karadeniz çap mediası məhsullarının təkmilləşdirilməsi və mediada peşəkarlığın artırılması üçün yeni tendensiyaların öyrənilməsi ilə bağlı çıxış edib. Tədbir çərçivəsində Fırat Karadenizin çap mediası subyektlərinin nümayəndələri üçün “Çap mediasında yeni texnologiyaların tətbiqi: innovativ biznes modelləri, müasir inkişaf tendensiyaları”; “Çap mediasında yayımlanan məzmunun yeni formatlara uyğunlaşdırılması” mövzularında təlimi də keçirilib.

Qeyd edək ki, “E-köşk” platformasının yaradılma məqsədi çap mediasının ekoloji və iqtisadi dayanıqlılığını artırmaq, ənənəvi medianın rəqəmsallaşmasını təşviq etmək, informasiya cəmiyyətinə keçidi sürətləndirməkdir.

AzVision.az


Teqlər:





Xəbər lenti